Gəncədə nə baş verib?

Gəncədə Aşura. 2015

«Gəncədə Aşura mərasimləri ilə bağlı «İmamzadə kompleksi»ndə geniş bir insident baş verməyib, bir anlaşılmazlıq olub. O, da qısa müddətə aradan qaldırılıb».

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Seyid Tahir Qarabaği bildirib.

O deyib ki, sentyabrın 30-u axşam saat 18 radələrindən «İmamzadə kompleksi»nə axın başlayıb. İnanclı insanlar «tasua gecəsi» (İmam Hüseynin Kərbəlada keçirdiyi sonuncu gecə) mərasimlərinə qatılıblar. T.Qarabağinin deməsinə görə, ziyarətgaha qadın və kişilərin daxil olmasından ötrü yollar ayrı olub.

«Bu vaxt «İmamzadə kompleksi»nə çoxsaylı insan gəlib. Kişilər daxil olan yolda adam çox olduğu üçün onlar qadınlar olan tərəfdən içəri keçmək istəyiblər, polis buna icazə verməyib. Amma dediyim kimi, 4-5 dəqiqə ərzində bu insident aradan qalxıb və odur ki, hər hansı qarşıdurmadan danışmaq olmaz». – T.Qarabaği belə deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda Aşura günü

QMİ rəsmisi Aşura mərasimindən sonra inanclı insanların saxlanıb-saxlanmaması ilə bağlı sualı da cavablandırıb:

«Mənim bildiyim qədər, heç kəs saxlanmayıb. Əgər saxlanılan olsaydı, bu haqda bilərdim. Görünür, kimlərinsə saxlanması haqda şayiələr kimlərəsə lazımdır. Həqiqətdə belə hal yoxdur».

Gəncə Baş Polis İdarəsi də baş verənlərlə bağlı açıqlama verib. Bu açıqlamada da hər hansı şəxsin saxlandığı bildirilmir. Halbuki, bəzi yerli saytlar bir qədər fərqli məlumatlar yayıblar. Onlar polislə qarşıdurmadan sonra 10-dan çox şəxsin saxlandığını bildirmişdilər.

Bu il sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Məhərrəm ayının 10-u, oktyabrın 1-i Aşura günü sayılır. Həmin gün ölkənin bütün məscidlərində Aşura mərasimləri keçirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Məşədi Dadaş məscidində Aşuranı belə qeyd elədilər

XATIRLATMA

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir. (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.