'Bakutel-2017' sərgisi başlayıb

«Bakutel» sərgisi - 2014

Bu gün, dekabrın 5-i Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2017) sərgi və konfransı işə başlayıb.

Bu haqda tədbirlə bağlı press-relizdə bildirilir.

«Bakutel-2017» sərgisində 20 ölkədən 192 şirkət iştirak edir. Tədbirin başlaması ilə birgə Azərbaycanda «Yüksək Texnologiyalar Həftəsi»nə start verilib.

«Bakutel-2017»in keçirilməsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar Təşkilatları Milli Konfederasiyası dəstək verir.

Təşkilatçı isə «Caspian Event Organisers» şirkətidir.

İştirakçılar arasında Azərbaycanın aparıcı informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin, mobil və rabitə operatorlarının, internet provayderlərinin, tanınmış brendlərin distributorlarının olduğu bildirilir.

«Bakutel-2017»də Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələrin də təmsil olunduğu bildirilir. Qonaq ölkələrin iştirakını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəkləyir.

Sərgidə dünyanın 10 ölkəsi – Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonları ilə təmsil olunur.

Sərgi dekabrın 8-dək davam edəcək.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, dekabrın 5-i tədbir səbəbindən Azərbaycana səfər edən bir sıra qonağı qəbul edib. Onların arasında İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov da var. Ölkə başçısı həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao ilə də görüşüb.