Yığılan pambıq 200 min tonu keçdi

Pambıq

Azərbaycanda pambıq tədarükü 200 min tona çatıb.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, dekabrın 13-dək pambıq qəbulu məntəqələrinə 200 min 878 ton məhsul təhvil verilib.

Pambıq tədarükündə 5 rayon - Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad liderdir. Ölkə üzrə tədarük edilən pambığın 50 faizdən çoxu bu rayonların payına düşür.

Xatırlatma

Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb.

Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləyib. Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir, vəd edilən həcmdə pambıq tədarük edilməyəcək.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Çünki bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib.