Facebook Çin şirkətlərilə informasiya paylaşdığını təsdiqləyir

İllüstrativ foto

Facebook Inc (FB.O) şirkəti dünən – iyunun 5-də bildirib ki, Çinin azı dörd şirkətilə data paylaşımı üzrə tərəfdaşlıq edir. Bu siyahıda dünyanın üçüncü böyük smartfon istehsalçısı olan Huawei şirkəti də var. Həmin şirkət son vaxtlar təhlükəsizlik məsələsinə görə ABŞ kəşfiyyat agentliklərinin diqqət mərkəzindədir.

TƏRƏFDAŞLIQLAR DAYANDIRILIR

Facebook-un bildirməsinə görə, Huawei, Lenovo Group, OPPO və TCL Corp istifadəçilərin bəzi informasiyasına çıxışı olan 60-dək şirkət arasındadır. Onlar öz istifadəçiləri üçün Facebook-a oxşar səhifələrin yaradılması üzrə kontraktlar imzalayıblar.

Bu haqda ilk dəfə ötən bazar günü “The New York Times” qəzeti yazıb. Konqres üzvləri bundan narahatlıq dilə gətiriblər. Onların fikrincə, istifadəçilərinin dostlarının datası onların razılığı olmadan əldə edilə bilər. Facebook isə bunları danıb, bildirib ki, sadəcə, istifadəçilərə mobil qurğularda hesablarına çıxışa imkan verilib.

Huawei şirkətinin mobil telefonu

Facebook deyir ki, tərəfdaşlıqlarının yarıdan çoxu artıq dayandırılıb. Huawei ilə razılaşmanın isə bu həftənin sonunadək yekunlaşacağı bildirilib. Qalan 3 Çin şirkətilə də tərəfdaşlıq sona çatdırılır.

ABŞ kəşfiyyat rəsmilərinin iddiasına görə, Çinin telekommunikasiya şirkətləri xarici casusluğa şərait yaradır və Birləşmiş Ştatlarda vacib infrastruktura təhlükədir. Çin tərəfsə bu iddiaları rədd edib.

Senator Mark Warner deyib ki, Nümayəndələr Palatasının kəşfiyyat komitəsi hələ 2012-ci ildə Huawei sarıdan narahatlığını dilə gətirib.

“Facebook-un Huawei və TCL şirkətlərinə bu şəraiti yaratması qanuni narahatlıqlar yaradır və Facebook-un istifadəçiləri haqda informasiyanın çin serverlərinə ötürülməməsini necə təmin etdiyini bilmək istəyirəm”, – Warner vurğulayıb.

Facebook rəsmisi isə Çin şirkətlərinə verilən çıxışın diqqətlə idarə olunduğunu söyləyib.

DATA SERVERLƏRDƏ SAXLANMAYIB

“Facebook ABŞ-ın bir sıra texnologiya şirkətləri ilə birlikdə, çini istehsalçılarım bu xidmətləri telefonlara inteqrasiya etməsi üzərində işləyib”, – Facebook-un mobil tərəfdaşlıqlar üzrə vitse-prezidenti Francisco Varela deyib.

Mark Zuckerberg Avropa Parlamentində

Varela əlavə edib ki, “Konqresin marağını nəzərə alaraq, Huawei ilə inteqrasiyalara söykənən bütün informasiyalar Huawei-nin serverlərində deyil, qurğuda saxlanıb”.

Dünən – iyunun 5-də isə senatın kommersiya komitəsi Facebook rəhbəri Mark Zuckerberg-i istifadəçilər haqda datanın azı 60 istehsalçı ilə paylaşılması barədə məlumatlara reaksiya verməyə çağırıb.

Facebook kommersiya komitəsinin istənilən sualına cavab verməyə hazır olduğunu bəyan edib.

Ancaq “Reuters” agentliyi yazır ki, Zuckerberg apreldə Konqresdə ifadə verəndən sonra konqresmenlərin təqdim etdiyi yüzlərlə yazılı sualı hələ də cavablandırmayıb.

O zaman Facebook-un milyonlarla istifadəçisi haqda informasiyanın qanunsuz əldə edilməsi haqda iddialar qalmaqal yaratmış, sosial şəbəkə rəhbəri Konqresdə, daha sonra isə Avropa Parlamentində ifadə verməli olmuşdu.