Bankomatları yaran polis işçisinə hökm oxundu

Bankomat

Bakıda bankomatları yarıb pulları aparmaqda suçlanan dörd nəfərə ümumilikdə 32 il həbs cəzası verilib. Onlara avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən dörd nəfər – Xəyal Rüstəmov, Orxan Əhmədov, Rizvan AğayevElməddin Zülfüqarov külli miqdarda oğurluqda təqsirli biliniblər. R.Ağayev 10, X.Rüstəmov 9, O.Əhmədov 8, E.Zülfüqarov isə 5 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında yazılıb ki, onlar, əsasən, pensiya və müavinətlər verilən ərəfədə gecə yarısı bu işi görüblər. Bankomatları qaynaq aparatıyla kəsiblər. Məsələn, Xətai rayonu ərazisində bir bankomatdan 40 min, Əhmədli kəndində bələdiyyə binasının yaxınlığındakı bankomatdan 51 min 200 manat aparıblar.

Oğurluqda suçlu bilinənlərdən X.Rüstəmov Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, son oğurluqlar baş verən ərəfədə Binəqədi rayon Polis İdarəsinə ezam olunub.

Təqsirləndirilən şəxslər jurnalistlərin onların məhkəməsində iştirak etməsinə etirazlarını bildiriblər. Bu üzdən onların məhkəmədə nə söylədikləri, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.