Verzilov ‘çox güman’ zəhərlənib

Doktor Kai-Uwe Eckhardt

Rusiyalı fəal Pyotr Verzilovun Berlində müalicə aldığı xəstəxananın həkimləri deyirlər ki, o, çox güman zəhərlənib.

“Əlimizdə olan tapıntılar, həmçinin Moskvadan həmkarlarının göndərdiklərinə əsasən deyə bilərik ki, o, çox güman, zəhərlənib”, – Berlindəki Charite xəstəxanasının həkimi Kai-Uwe Eckardt sentyabrın 18-də mətbuat konfransında deyib.

Həmkarı Dr. Karl Max Einhaeupl əlavə edib ki, Verzilovun belə bir duruma niyə düşməsinin izahı, eləcə də onun uzunmüddətli xəstəlikdən əziyyət çəkməsinə dəlil yoxdur.

Eckardt deyib ki, Verzilov sentyabrın 15-dən reanimasiyadadır, ancaq həyatına təhlükə yoxdur.

Həkimin sözlərinə görə, simptomlar Verzilovun sinir sisteminin daxili orqanları nizamlayan hissəsinin pozulduğunu göstərir.

Ancaq, hələlik, zəhərlənməyə səbəb olan maddə müəyyənləşdirilməyib.

Eckardt deyib ki, Verzilov Almaniya paytaxtına aparılmazdan öncə Moskvada yaxşı müalicə olunub.