Donor qanından QİÇS-ə yoluxma halı qeydə alınıb

Foto arxiv

Bu ilin 11 ayında Azərbaycanda azı 547 nəfər İmmun Çatışmazlığı Virusuna (İİV) yoluxub.

Turan-ın məlumatına görə, Respublika QICS -lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov dekabrın 1-də keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, yeni yoluxanların 529-u Azərbaycan vətəndaşı, 18-i isə başqa ölkə vətəndaşlarıdır. Xəstələrin 356-sı kişi, 173-ü isə qadındır.

547 nəfərin 43 faizdən çoxunun İİV-ə inyeksion narkotik, 44 faizdən çoxunun isə heteroseksual yolla yoluxduğu qeyd olunur. 2,6 faiz homoseksual kontaktdan, 1,8 faiz isə anadan uşağa ötürülmə yolu ilə xəstələniblər. Rəsmi məlumata görə, donor qanının köçürülməsi nəticəsində də yoluxma halları olub.

Direktor əvəzi bildirib ki, indiyədək Azərbaycanda 6 min 111 nəfər İİV-li xəstə qeydə alınıb. Onlardan 4320-si kişi, 1791-i isə qadınlardır.

Rəsmi bilgilərə görə, 11 ayda İİV-dən Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) mərhələsinə keçənlərin ümumi sayı 149 nəfər olub. QİÇS mərhələsində olan xəstələrin ümumi sayı isə 1601 nəfərdir.

E.Muradovun açıqladığı rəsmi məlumata görə, indiyədək Azərbaycanda 950 nəfər bu xəstəlikdən vəfat edib.

Nikahdan əvvəl müayinələrin nəticələri haqda da danışan E.Muradov deyib ki, bu ililn 10 ayında nikaha daxil olmaq istəyən 115 min 348 nəfər müayinə olunub. Onlardan 128 nəfərdə İİV aşkar edilib.