Pompeo Rusiyanın Qərbi parçalamaq istədiyini deyir

Mike Pompeo (solda) və Victor Orban

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Birləşmiş Ştatlar Mərkəzi və Şərqi Avropa ilə daha çox məşğul olmalıdır. Vaşinqton Rusiyanın Qərbi parçalamaq niyyətlərindən narahatdır.

Fevralın 11-də Avropanın beş ölkəsini əhatə edəcək səfər turunun ilk günündə Mike Pompeo Macarıstanın sağ təmayüllü populist baş naziri Viktor Orbanla görüşüb.

ABŞ dövlət katibi baş nazirlə söhbətində demokratiyanın və qanunun aliliyi prinsipinə əməl edilməsinin zəruriliyini vurğulayıb.

Vaşinqton bu bölgdə Rusiyanın və Çinin artmaqda olan nüfuzundan narahatlıq keçirir. ABŞ bu qənaətdədir ki, Rusiya və Çin Avropa İttifaqı və NATO üzvləri arasında ixtilaf toxumu səpməyə çalışır.

Budapeştdə xarici işlər naziri Peter Szijjarto ilə birlikdə kerçirdiyi mətbuat konfransında Pompeo deyib ki, “biz Putinə NATO dostları arasına ixtilaf salmaq imkanı verməməliyik”.

Pompeo Mərkəzi Avropanın, xüsusilə də Macarıstanın Rusiyadan enerji asılılığında olmasına diqqəti çəkib.

Lakin Szijjarto ölkəsinin enerji siyasətini müdafuiə edib və bildirib ki, Avropada bir çix başqa ölkələrin də Rusiya ilə enerji sazişləri var:

“Avropanın siyasi səhnəsində böyük bir riyakarlıq və siyasi vasvasılıq hökm sürür”.

Prezident Trump-ın heyranı olan Orban miqrasiyanın, xüsusilə də Yaxın Şərqdən olan miqrasiyanın qatı tənqidçisidir.

Bunun əvəzində baş nazir macar qadınları daha çox uşaq doğmağa çağırır.

Hələ yaxın keçmişdə Freedom House təşkilatının indeksində azad ölkələr kateqoriyasında olan Macarıstan builki hesabatda qismən azad ölkələr qrupuna düşüb.

Orban hökuməti, habelə Macarıstan əsilli ABŞ xeyriyyəçisi George Sorosun maliyyələşdirdiyi bir neçə layihələri sıxışdırıb ölkədən çıxarmasına görə Vaşinqtion da daxil, Qərb ölkələri tərəfindən tənqid olunur.

Bu səfərdən əvvəl Dövlət Departamenti bildirmişdi ki, Pompeo “Macarıstanda vətəndaş cəmiyyətinə dəstək ifadə edəcək, habelə QHT rəhbərləri ilə görüşəcək”.

***

ABŞ Dövlət katibi Mike Pompeo-nun Avropaya beşgünlük səfəri başlanır. Administrasiya bildirir ki, səfər zamanı əsas diqqət Rusiya və Çinin Mərkəzi Avropada artan nüfuzuna dirənişə ayrılacaq.

Pompeo fevralın 11-də Macarıstana, daha sonra Slovakiya və Polşaya gedəcək. Onun səfəri fevralın 15-də Brüssel və Reykyavikə baş çəkməklə bitəcək.

Administrasiya rəsmisi Pompeonun ABŞ Prezidenti Donald Trump-ın pərəstişkarı olan Macarıstan Baş naziri Victor Orbanla görüşəcəyini deyib.

Rəsminin sözlərinə görə, danışıqlarda “təhlükəsizlik münasibətlərinin gücləndirilməsi, Rusiyanın təcavüzünün önlənməsi, NATO-nun mövqeyiin möhkəmlənməsi, Ukraynaya dəstək” müzakirə olunacaq.

Pompeo Macarıstanda “vətəndaş cəmiyyətinə dəstəyini də ifadə edəcək”, qeyri-hökumət təşkilatlarının liderləri ilə görüşəcək.

Freedom House təşkilatı Macarıstanı əvvəlki illər siyasi baxımdan “azad” kateqoriyasına salırdı, bu il isə “qismən azad” sayılıb. Səbəb kimi Orbanın Fidesz partiyasının media, məhkəmələr, dini qruplar, QHT-lər və özəl sektora “davamlı hücumlar”ı göstərilir.