FHN-in keçmiş inspektoru cadu çıxarırmış

Foto illüstrasiya

Fövqəladə Hallar Nazirliyinin keçmiş inspektoru dələduzluq ittihamıyla məhkəmə önünə çıxarılıb. O, ِözünü SOCAR və başqa dövlət orqanlarının vəzifəlisi kimi təqdim edib, adamlardan işə düzəltmək adıyla pul alıb onları aldatmaqda suçlanır. İddia olunur ki, o, həm də fala baxmaq, cadu çıxarmaq adıyla adamları aldadıb. Daha bir nəfərə isə «Neftçi» idman klubuna məşqçi düzəldəcəyinə söz verib.

FHN-in inspektoru olmuş İbrahim Bağırov CM-in 178 (dələduzluq) və 32.4.312 (rüşvət verməyə təhrik) maddələriylə ittiham olunur. Amma ِözünü təqsirli bilmir. Oktyabrın 10-da məhkəmədə ittihama münasibət bildirərkən deyib ki, heç kimdən işə düzəltmək üçün pul almayıb. Amma ətraflı ifadə verməyib.

Sabiq inspektorun pul aldığı iddia olunan şəxslərin sayının çox olduğu bildirilsə də, zərərçəkən qismində bir nəfər tanınıb. Ali Məhkəmənin qərarı var ki, şəxs hansısa işin həlli üçün rüşvət kimi pul verib aldadılıbsa, bu halda, zərərçəkən qismində tanına bilməz. Onlar şahid statusuyla dindirilir.

Zərərçəkən Qaratel Əhmədova deyir ki, İbrahimlə atasının il mərasimində tanış olub: «Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm...».

Q.Əhmədovanın sözlərinə görə, FHN-in inspektoru həm də falçılıqla məşğul olduğunu deyib. Onları da xəbərdar edib ki, cadulanıblar: «Bizə dedi ki, sizə cadu eləyiblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul, qızıl əşyaları aldı. Dedi ki, guya qızıllara əməl ediblər. Daha sonra qohumlarımla da münasibəti yarandı. Qardaşıma və onun uşaqlarına da işə düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün-sabah işə çıxacaqsınız».

Təqsirləndirilən İ.Bağırov falçılıq, cadu çıxarmaq məsələsinə münasibət bildirməyib. O, zərərçəkən Q.Əhmədovanın qızıllarını aldığını təsdiqləyib. Amma deyir ki, qadın qızılları ona kِönüllü şəkildə - saxlamaq üçün verib, sonradan onları qadının ərinə qaytarıb.

Məhkəmə araşdırmaları davam edir.

İ.Bağırovun ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.