İranın interneti kəsməsi Rusiyaya ‘xəbərdarlıqdır’ – Qərb mediası

İranda etiraz

İrandakı etirazlar Qərb mediasının aparıcı mövzularındandır. Noyabrın 15-dən İranda benzinin qiymətinin qaldırılmasına etirazlar başlanıb.

Hakimiyyət interneti kəsərək etiraz aksiyalarından foto və videoların dünyaya yayılmasını önləyib. NetBlocks təşkilatı bu addımı “indiyədək izlənən ən mürəkkəb” məhdudlaşdırma adlandırıb. Noyabrın 16-da ölkədə internet əlaqəsinin 5 faizə düşdüyü bildirilib.

“Forbes” dərgisində Zak Doffman yazır ki, hətta İran kimi qadağaların güclü olduğu ölkədə belə informasiyaya bu cür məhdudiyyət aşırı sayılır. Prezident Hassan Rouhani hakimiyyətə gələndən məhdudiyyətin bu dərəcəyə çatmadığı vurğulanır.

İranın verdiyi və özünün çıxaracağı dərs

“İrandakı durum nə qədər lokal görünsə də, avtoritar rejimlərin ictimaiyyətin informasiyaya və kənar dünyaya çıxışını getdikcə daha artıq daraltdığını göstərir. Vaxtilə internetini hasarlamaq yalnız Çinə xas imtiyaz kimi tanınırdı. Ancaq indi texniki irəliləyişlər Kəşmir və Moskva kimi yerlərdə də interneti məhdudlaşdırmağa imkan verir. Bu yaxınlarda açıqlanmış İnternet Azadlığı hesabatında bildirilirdi ki, vətəndaşların informasiyaya çıxışı və sosial mediadan istifadəsinin avtomatik monitorinq olunması geniş yayılıb və dünyadakı internet istifadəçilərinin 90 faizini əhatələyir”, – məqalədə deyilir.

Buna da bax: Azərbaycana 29 İŞİD-çi qaytarılacaq

Müəllif İrandakı durumun Rusiyaya kəskin xəbərdarlıq olduğunu yazır. Bu ayın əvvəlində Prezident Vladimir Putin ölkə internetinin təcridini qanuniləşdirib, suveren internet qanunu qüvvəyə minib. Məqsəd “sabitliyə, təhlükəsizliyə, internetin işinin bütövlüyünə təhdid” yaranacağı halda ölkə internetini dünyadan ayırmaqdır. Tənqidçilər bunu senzura adlandırıblar.

Avqust etirazları zamanı Rusiya hakimiyyəti Putin idarəçiliyinə etiraz etməyə yığışanların internetini kəsə bildi. Üç əsas mobil operator – MTS, MegaFon və VimpelCom internet bağlantısının kəsilməsini “həddən artıq yükləmə” ilə izah elədi. BBC Rusiya isə bunun şəhər hakimiyyətinin xahişi ilə həyata keçirildiyini xəbər verdi. Şəbəkələr müştərilərə “xidmət göstərilməsində heç bir çətinlik olmadığını bildirdilər”.

“Əslində, İranda baş verənlər Rusiyanın əlinə oynamaqdır: İnternetin ‘açarı’ sistemin içində qurulanda onun kəsilməsi zamanı mürəkkəblik də azalır. Son hadisələr bir tərəfdən Rusiyanın 150 milyonluq vətəndaşına bir xəbərdarlıq olmalıdır. Digər tərəfdən, güman etmək olar ki, Tehran gələn dəfə internetin kəsilməsini daha effektiv etməyə çalışacaq. Onlar bu məsələdə Moskvadan məsləhət və kömək istəyə bilərlər”, – müəllif yazır.

İran bu addımı “məcburən atıb”

“Stratfor” təhlil mərkəzi isə yazır ki, İran hökumətinin benzini bahalandırmaq qərarı ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına təzyiqinin dərinliyini göstərir. Axı, İran proksiləri, siyasi nüfuzu vasitəsilə Livan və İraqda irimiqyaslı etirazları yoluna qoymağa çalışırdı. Tehran yəqin bilirdi ki, 2015-ci ildən bəri ilk dəfə olaraq yanacağın bahalanması etirazlar doğuracaq.

“Burdan çıxan nəticə odur ki, İran yanacağın qiymətini vacib iqtisadi tədbir kimi qaldırıb”, – mərkəz yazır və gərəkərsə, İranın etirazlara divan tutacağını, yaxud sanksiyaların iqtisadı ağrısını çıxarmaqdan ötrü davam etməsinə icazə verəcəyini proqnozlaşdırır. Yetər ki, Birləşmiş Ştatlara böyük güzəştlərə gedilməsin.

“İran ümid edir ki, diqqətli iqtisadi idarəçiliklə, yanacaq subsidiyalarının azaldılması kimi qənaət tədbirləri, daxili iğtişaşı idarə etməklə ABŞ-da növbəti prezident seçkisindən sonrayadək durumu nəzarətdə saxlayacaq və bundan sonra sanksiyaların qaldırılmasından ötrü Qərblə hərtərəfli danışıqlara başlayacaq”, – mərkəz yazır.

Məqalədə o da vurğulanır ki, İranın siyasi rəhbərliyinin yanacağın bahalanması qərarının arxasında vahid mövqe sərgiləməsinə baxmayaraq, Prezident Hassan Rouhani və müttəfiqləri bundan siyasi ziyan görəcək.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. İran isə bu ildən nüvə sazişi öhdəliklərinin bəzilərinin icrasını məhdudlaşdırmağa başlayıb.