Yəməndə atəşkəs elan olunur

Yəməndə husi tərəfdarlarının etirazı

Yəməndə İranın dəstəklədiyi husi yaraqlıları ilə savaşan Səudiyyə koalisiyası aprelin 9-da günortadan atəşkəs elan edib.

Atəşkəs iki həftə çəkəcək və uzadıla bilər, hərbi koalisiyanın sözçüsü polkovnik Turki al-Malki aprelin 8-də bəyanatında deyib. Al-Malki-nin sözlərinə görə, atəşkəs koronavirus pandemiyasının yayılmasını önləmək məqsədilə elan olunur.

BMT-nin Baş katibi Antonio Guterres martda qlobal münaqişələrdə atəşkəsə çağırmışdı. Guterres Yəməndə atəşkəsin elan olunmasını alqışlayıb. “Bu, ölkənin həm sülh cəhdlərinə, həm də COVID-19 pandemiyası ilə mübarizəsinə kömək edər”, – o deyib.

BMT-nin xüsusi elçisi Martin Griffiths də açıqlamanı alqışlayıb, münaqişə tərəflərini bu fürsətdən yararlanaraq münaqişəni dərhal dayandırmağa, bitkin və davamlı sülhə doğru irəliləməyə çağırıb.

Amma husi hərəkatının atəşkəsə əməl edib-etməyəcəyi bəlli deyil. Sözçü Mohammed Abdulsalam deyib ki, husilər BMT-yə müharibənin bitirilməsini də əhatələyən hərtərəfli plan göndəriblər.

Ərəb dünyasının ən yoxsul ölkəsi olan Yəməndə husilər 2014-cü ildə hökuməti devirib. Sonradan burada Səudiyyə Ərəbistanı ilə İran arasında başlanan proksi müharibə dünyanın ən ağır humanitar böhranına səbəb olub.