Praqadakı Rusiya səfirliyi ünvanını dəyişir

Boris Nemtsov meydanı

Rusiyanın Çexiya Respublikasındakı səfirliyi Praqadakı rəsmi ünvanını dəyişib. Bundan öncə səfirliyin yerləşdiyi meydan Rusiyada qətlə yetirilmiş müxalifət liderinin şərəfinə adlandırılmışdı.

Amma səfirlik bu haqda yazan Çexiya mediası ilə razılaşmır, bildirir ki, sadəcə, indiyədək səfirliyin iki poçt ünvanı olub, indi vahid ünvana keçib.

İki ay öncə Praqa rəsmiləri Rusiya səfirliyinin yerləşdiyi meydana Boris Nemtsovun adını veriblər. O, 2015-ci ilin fevralında Kremlin divarları yaxınlığında öldürülüb. Nemtsov Prezident Vladimir Putinin açıq tənqidçisi idi.

Çexiyanın Aktualne.cz portalı aprelin 17-də yazıb ki, səfirlik administrativ ünvanı kimi Nemtsov meydanının bir neçə yüz metrliyində yerləşən küçəni seçib.

Hələlik, səfirlik bu məsələyə rəsmi mövqe açıqlamayıb.