Koronavirus Rusiyada məişət zorakılığını artırır

İllüstrativ foto

Rusiyanın Ombudsmanı Tatyana Moskalkova aprelin əvvəlindən ölkədə məişət zorakılığının artdığını deyir. O vaxtdan Rusiyada koronovirus məhdudiyyətləri gücləndirilib.

Moskalkova mayın 5-də “RIA Novosti” agentliyinə müsahibəsində qeyri-hökumət təşkilatlarının verdiyi informasiya əsaslanaraq məişət zorakılığının sözügedən müddətdə iki dəfədən çox artdığını söyləyib.

“Apreldə məişət zorakılığı ilə bağlı şikayətlər 6 min 54-dən 13 minə yüksəlib”, – deyən Moskalkova real rəqəmlərin daha yüksək ola biləcəyini vurğulayıb. Belə ki, rusiyalı qadınların çoxu qaynar xətlərə zəng etmir, ərlərinin reaksiyasından qorxaraq məişət zorakılığı haqda məlumat vermirlər.

Buna da bax: Khachaturyan bacılarına qətl ittihamı qaldırılır

Kommunikasiya problemi...

“Məncə, burada kommunikasiya problemi var...məişət zorakılığı barədə elektron cihazlarla məlumat vermək zorakılıq qurbanları üçün təhlükəli ola bilər. Məsələylə bağlı mediada gedənləri də izləyirik və vəziyyət ürəkaçan deyil”, – Moskalkova əlavə edib.

Ekspertlər xəbərdarlıq edirdilər ki, pandemiyanın gətirdiyi iqtisadi və sosial stress, həmçinin hərəkət qadağaları məişət zorakılığının artmasına səbəb ola bilər.

Aprelin əvvəlində BMT bu vəziyyəti “böhran içində artan böhran” adlandırmışdı. Qurum hesablamışdı ki, qadağaların altı ay davam etməsi dünya üzrə 31 milyon yeni məişət zorakılığı halıyla sonuclanar.

2017-ci ildə məişət zorakılığının ilk dəfə törədilməsi dekriminallaşdırılıb. Bəzi deputatlar, həmçinin məişət zorakılığına dair yeni qanun tərəfdarı olanlar apreldə hökuməti koronovirus dövründə qurbanları qorumaqdan ötrü fövqəladə addımlar atmağa çağırıb.

Parlamentin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko ötən ay deyirdi ki, deputatlar məişət zorakılığının yenidən kiriminallaşdırılması haqda qanunu “şərait imkan verdiyi qədər” tez nəzərdən keçirə bilərlər.