Virgin Orbit-in buraxdığı raket uğursuz olub

LauncherOne sınaq zamanı, iyul, 2019-cu il

Virgin Orbit şirkətinin modifikasiya olunmuş Boeing 747 təyyarəsindən 10 min metrdən də artıq yüksəklikdə buraxdığı raket uğursuz olub.

Şirkət mayın 25-də axşam tvitində yazıb ki, raket “Kosmos Qızı” (Cosmic Girl) adlı gəmidən təmiz ayrılıb, ancaq ilkin mərhələdə mühərrikini işə salan kimi naməlum nasazlıqla üzləşib.

“Missiya qısa çəkib. Kosmos Qızı və heyətimiz salamatdır və bazaya qayıdır”, – Virgin Orbit bildirib.

Kosmosa turist aparmaq planları da var

Bu şirkəti britaniyalı milyarder Richard Branson təsis edib, 300-500 kiloqramlıq kiçik peyklərin operatorlarını sürətli və çevik buraxma xidməti ilə təmin etməyi hədəfləyir. Bu bazar hazırda sürətlə genişlənməkdədir.

21 metr uzunluğunda LauncherOne raketi Boeing 747-nin qanadının alt hissəsinə birləşdirilib.

Buna da bax: Musk-ın Starlink peykləri orbitə qaldırılıb

Optimal yüksəkliyə çatan təyyarə raketi buraxır, raketi Yerin orbitinə çıxarmaqdan ötrü öz mühərriki işə düşür. Sonradan raket yükünü fəzaya yerləşdirir.

Richard Branson “Virgin Galactic” adlı başqa bir kosmik şirkət də təsis edib. Bu şirkətin məqsədi kosmosa turist aparmaq, onların Yerin səthindən 80 kilometr yüksəklikdə çəkisizliyi hiss etməsinə şərait yaratmaqdır.

Elon Musk-ın SpaceX şirkəti isə mayın 27-də Beynəlxalq Kosmik Stansiyaya ekipajlı uçuş həyata keçirməyi planlaşdırır. Uçuş NASA ilə birlikdə gerçəkləşməlidir.

Bu, SpaceX-in fəzaya ilk dəfə olaraq ekipaj aparması olacaq. 2011-ci ildə NASA-nın Space Shuttle proqramı başa çatandan bəri astronavtlar ilk dəfə olaraq ABŞ torpağından fəzaya qalxacaqlar.