Monteneqro koronavirussuz ilk ölkəmi olacaq

Monteneqronun Budva kurortu, arxiv fotosu

Dünyanın bir çox ölkələri üçün uzun bir zaman kəsimi ərzində koronavirusa yeni yoluxmanın qeydə alınmaması bir arzu sayıla bilər. AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Tony Wesolowsky yazır ki, 600 min əhalisi olan kiçik Balkan ölkəsi Monteneqro bu arzuya çatmaq üzrə olduğunu iddia edir.

Monteneqronun Baş naziri Dusko Markovic mayın 25-də ölkədə yeni yoluxma aşkarlanmadığını elan edib. Onun açıqlamasından bir gün öncə isə sonuncu koronaviruslu xəstənin sağaldığı açıqlanıb.

Daha yeni yoluxma aşkarlanmasa, Monteneqro iyunun 2-də özünü koronavirussuz ölkə elan etməyi planlaşdırır. Bu, Dünya Səhiyyə Təşkilatının (DST) qoyduğu qaydalara uyğun gerçəkləşməlidir.

Ancaq texniki baxımdan, Monteneqro heç də koronavirussuz ilk ölkə olmayacaq, Sloveniya da bu yaxınlarda oxşar açıqlama versə də, sonradan yeni yoluxmalar aşkarlandı. Yəni, bu, belə bir addımın necə qeyri-müəyyənlik yaratdığını göstərir.

Hökumət ümid edir ki, koronavirussuz statusu ölkə üçün vacib sayılan turizm sənayesinə təkan, əcnəbi turistləri onun təhlükəsiz olmasına təminat verəcək.

Monteneqroda COVID-19-a ilk yoluxma martın 17-də açıqlanıb, indiyədək 324 təsdiqlənmiş yoluxma, 9 ölüm halı qeydə alınıb.

Buna da bax: Moskvada karantin yumşaldılır, Braziliyada...

Böhran nə vaxt bitir

Bəs, ölkə koronavirussuz olmasını necə təsdiqlədə bilər? Monteneqroda COVID-19-a son yoluxma mayın 5-də aşkarlanıb və iyunun 2-də həmin tarixdən 28 gün keçmiş olacaq.

Hər hansı ölkədə virusun maksimum inkubasiya dövründən iki dəfə artıq vaxt keçirsə, DST həmin ölkəni virussuz elan edir. COVID-19 üçün maksimum inkubasiya dövrü 14 gündür.

Məsələn, 2014-cü ildə Ebola virusuyla bağlı DST səhiyyə böhranının bitdiyini rəsmən elan etmişdi. DST-nin Monteneqro üçün belə bir açıqlama verib-verməyəcəyi bəlli deyil.

Monteneqro martın 10-dan İtaliya, İspaniya, virusun ilk dəfə peyda olduğu Çinin Hubey vilayəti, eləcə də Cənubi Koreya ilə hava nəqliyyatını dayandırıb. Sonradan – martın 15-dən ölkə xaricilərin üzünə sərhədlərini qapatdı. Ondan iki gün qabaq ölkədə ilk yoluxma halı aşkarlanmışdı. Martın əvvəlində hökumət bütün məktəbləri bağladı, ictimai toplantıları, ölkə boyunca bayırda hər hansı tədbirləri yasaqladı.

Ölkə apardığı testlərin miqyasına görə alqışlanıb, mayın 26-dək 12 mindən çox sakinin testdən keçdiyi bildirilir.

Buna da bax: Pashinian və ailəsində koronavirus çıxıb

Ancaq hökumətin şübhəli yoluxmalara görə özünü təcrid etmiş şəxslərin adlarını və ünvanlarını açıqlaması insan haqları təşkilatları tərəfindən tənqid olunub.

“Qoy hər bir vətəndaş qonşularından, həmvətənlərindən kimlərin ona risk yaratdığını bilsin”, – hökumət martın sonunda, siyahılar onlayn yerləşdiriləndə deyirdi.

Hökumətin vebsaytında 6 minədək, ölkə əhalisinin 1 faizə qədərinin adları və ünvanları yerləşdirilmişdi.

Martın 30-da yoluxmalar azaldıqca hökumət qadağaları yumşaltmağa başladı.

ÜDM-nin 20 faizi

Markovic mayın 25-də bildirib ki, Monteneqro 100 min nəfərə 25-dən çox yoluxma düşməyən ölkələrdən turistlərin üzünə sərhədləri açacaq. Bu sıraya Xorvatiya, Albaniya, Sloveniya, Almaniya və Yunanıstan daxildir.

Buna da bax: 'Hökumət pandemiya ilə yaşamağı üstün tutdu'

Bu sahil ölkəsinə səyahət edənlər içində xüsusi çəkiyə malik Britaniya və Rusiya vətəndaşları siyahıda deyil.

Sərhədlərin iyunun əvvəlində açılaraq tətil mövsümünə start veriləcəyi gözlənir.

Tur-operatorlar mövsümün çətin keçəcəyini gözləsələr də, koronavirussuz statusunun zərbəni yumşaldacağına ümid edirlər. Turizm sənayesi ölkə ÜDM-nin beşdə birini verir, işçi qüvvəsinin 19 faizini əhatələyir.

Ötən il ölkəni 2,6 milyon turist ziyarət etmişdi. Bu ilsə turizm gəlirlərində 70 faiz azalma gözlənir.

Sloveniya da mayın 14-də koronavirus pandemiyasının bitdiyini elan etsə də, mayın 25-də yeni yoluxma aşkarlandı. 38 min əhalisi üzrə 82 yoluxma və bir ölüm qeydə alınmış Lixtenşteyndə aprelin əvvəlindən yeni yoluxma açıqlanmayıb.

Monteneqroda isə bəziləri hökumətin iddiasına skeptik yanaşaraq deyirlər ki, yetərincə test aparılmadığı, bəzi hallarda simptomlar üzə çıxmadığı üçün yoluxmalar təsdiqlənməyə bilər.

“Özümü heç də daha yaxşı, yaxud daha təhlükəsiz hesab etmirəm, çünki Monteneqroda çox az adam test olundu. Böyük simptomlar yoxsa, aramızda yoluxanların olduğunu necə bilə bilərlər?” – Podqoritsa sakini Desanka Rakcevic AzadlıqRadiosunun Balkan xidmətinə deyib.

Azərbaycanda yoluxanların sayı 5 min 500-ü keçir, 63 nəfərin koronavirusdan vəfat etdiyi açıqlanıb. Hökumət mayın 31-dən karantin rejimi qadağalarını əsasən qaldırıb. İctimai yerlərdə maska taxmamağa görəsə cərimələr müəyyənləşdirilib.