Karantin bir qədər də yumşaldıla bilər

Bakıda karantin rejimi, 21 iyun 2020

Növbəti həftələrdə, açıq havada kafe və restoranların, rayonlararası gediş-gəlişin açılması müzakirə edilir.

Bu barədə avqustun 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov danışıb.

O bildirib ki, bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Yeri gəlmişkən Nazirlər Kabineti yanında Operativ Qərargah karantinin sərtləşdirildiyi yerlərdə avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.

Ora qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) də fəaliyyəti daxildir.

Habelə bir sıra istehsalat sahələri. Hazırda, karantinin sərtləşdirildiyi yerlər Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarından ibarətdir. Xatırlatma COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib.

Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurdular.

Avqustun 5-dən sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyon 548 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 724 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.