AXCP üzvünün həbs olunduğu deyilir

Tural Atakişiyev

Avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tural Atakişiyevin (Pünhan) inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə Atakişiyev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) pozulmasında günahlandıraraq 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

T.Atakişiyevin bu gün, avqustun 11-də səhər saatlarında saxlandığı bildirilir.

Bu deyilənlərə, hələlik, Xətai Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AXCP bundan bir neçə gün əvvəl Tural Atakişiyevin saxlandığını,sonra isə sərbəst buraxıldığını açıqlamışdı.

Bu partiyadan bildirildiyinə görə, son 1 ayda 40-dan çox üzvləri saxlanıb.Onlardan 15-dən çoxunun müxtəlif ittihamlarla inzibati qaydada həbs edildiyi bildirilir. Təqribən bir o qədər də cəbhəçinin orduya dəstək aksiyasından sonra baş verən olaylara görə, açılan cinayət işinə cəlb edildiyi, barələrində həbs-qəti imkan tədbirinin seçildiyi bildirilir. Daha 10 civarında cəbhəçinin isə saxlanıb buraxıldığı qeyd edilir.

Amma bu məlumatları da, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Amma yürüşün sonunda müxtəlif olaylar yaşanıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə ümumiyyətlə iştirak etmədiyini bəyan edib.