Yefremov-un məhkəməsi təxirə salınıb

Mikhail Yefremov xəstəxanaya aparılır, 11 avqust, 2020-ci il

Rusiyada Kremlin tənqidçisi aktyor Mikhail Yefremov xəstəxanaya yerləşdirildiyindən məhkəməsi avqustun 18-dək təxirə salınıb.

Aktyor alkoqolun təsiri altında maşın sürərkən adam öldürməkdə ittiham olunur.

Avqustun 11-də o, məhkəmədə özünü yaxşı hiss etmədiyindən təcili yardım çağırılıb və aktyor xəstəxanaya aparılıb.

Hakim Yelena Abramova prosesin bu gün davam edəcəyini bildirsə də, avqustun 12-də Yefremov məhkəməyə gələ bilmədiyindən məhkəmə təxirə salınıb.

Rusiya mediası adını çəkmədiyi tibb işçilərinə istinadla Yefremovda iflic simptomları olduğunu yazır.

Təqsirli bilinərsə, aktyoru 12 ilədək həbs cəzası gözləyir. “Özümü günahkar hesab edə bilmərəm, çünki heç nəyi xatırlamıram”, – Yefremov avqustun 5-də məhkəmədə deyib.

Polis onun Moskvanın mərkəzində avtomobilini yüksək sürətlə idarə edəndə ayıq vəziyyətdə olmadığını bildirir. Hadisə iyunun 8-də axşam baş verib.

Aktyor başqa bir maşını vurub. Özü xəsarət almasa da, digər avtomobilin 57 yaşlı sürücüsü Sergei Zakharov aldığı çoxsaylı xəsarətlərdən bir neçə saat sonra xəstəxanada keçinib.

Rəsmi orqanlar tibbi ekspertiza zamanı Yefremov-un qanında kokain daxil olmaqla narkotik maddə izləri olduğunu göstərib.

56 yaşlı Yefremov-un Prezident Vladimir Putin və onun siyasətinə satirik yanaşan təkadamlıq perfomansları son illər xeyli populyar idi.