Koronavirusa yoluxanların sayı yenidən artır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı çimərliklərindəki sıxlıq xəstəliyin artmasına yol açırmı?

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 34343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 5 min 153, ötən müddət ərzində isə ümumilikdə 836 min 908 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Bundan əvvəlki həftələr Azərbaycanda koronavirusa gündəlik yoluxmada azalmanın baş verdiyi qeyd edilirdi. Hətta yoluxmanın 100-dən aşağıya düşdüyü bildirilirdi. Amma son günlər əks proses müşahidə edilir.

Son həftələr ölkədə karantinin sərtləşdirildiyi yerlərdə rejim yenidən yumşaldılıb. Ölkədə martın 24-dən karantin elan edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 21 milyon 867 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 773 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.