Facebook xəbərlərin paylaşılmasını yasaqlaya bilər – Qərb mediası

İllüstrativ foto

Avstraliya hökuməti iyulda bildirmişdi ki, Facebook və Alphabet Inc-in Google şirkətlərindən media orqanlarına xəbərləri üçün ödəniş etməsini tələb edəcək. Qonorar tipli bu sistemin bu il qanuna çevriləcəyi gözlənir

Facebook Inc bildirir ki, Avstraliyada xəbər naşirləri və əhalinin bu sosial şəbəkədə və Instagram-da xəbərləri paylaşmasını yasaqlaya bilər. Əgər ABŞ texnologiya nəhənginin kontentə görə yerli mediaya ödəniş etməsini nəzərdə tutan təklif qanuna çevrilərsə.

“Faydası deyil, ziyanı dəyəcək”

Avstraliya hökuməti iyulda bildirmişdi ki, Facebook və Alphabet Inc-in Google şirkətlərindən media orqanlarına xəbərləri üçün ödəniş etməsini tələb edəcək. Qonorar tipli bu sistemin bu il qanuna çevriləcəyi gözlənir.

“Bu bizim birinci deyil, son seçimimizdir. Ancaq bu, məntiqə zidd nəticədən qorunmağın yeganə yoludur, bunun Avstraliyada xəbər və media sektorunun uzunmüddətli dinamizminə faydası deyil, ziyanı dəyəcək”, – Facebook Avstraliyanın direktoru Will Easton sentyabrın 1-də yayılmış bəyanatında deyib.

Buna da bax: ABŞ texnonəhəngləri Konqresdə sərt sorğu-sual edildilər

Avstraliya hökuməti ötən il Facebook və Google-a bildirib ki, media şirkətlərinin kontentindən istifadəylə bağlı onlarla könüllü razılaşma əldə etsin.

Danışıqlar alınmayınca ölkənin rəqabətlilik üzrə qurumu qanun layihələri hazırladı. Bu layihələrə görə, media qurumları jurnalistlərinin əməyi üçün ödənişlə bağlı danışıq apara bilərlər.

Easton deyib ki, təklif olunan qanunvericilik internetin dinamikasını yanlış yozur, xəbər qurumlarına ziyan vuracaq.

“Reuters” agentliyi Avstraliyanın Rabitə Nazirliyindən açıqlama ala bilməyib.

Buna da bax: Facebook fransalı komediyaçıya ‘həmişəlik’ qadağa qoyur

Rəsmilərin izahı

“CNN” təklif olunan qanunla bağlı gərginliyin getdikcə qızışdığını yazır.

Ötən ay Google (GOOGL) da layihəyə etirazını bildirmiş, Avstraliyadakı əsas axtarış səhifəsində yerli istifadəçilərə xəbərdarlıq etmişdi ki, bu qanun onların axtarış imkanlarına ziyan vuracaq, YouTube istifadəçiləri üçün “fəsadları” olacaq.

Konkret media orqanları Facebook və Google ilə individual, yaxud kollektiv şəkildə razılaşma əldə edə, üç ay ərzində bu alınmazsa, məhkəməyə müraciət edə bilərlər.

Texnologiya nəhəngləri onsuz da xəbər şirkətlərini dəstəkləyən çox iş gördüklərini deyirlər.

Buna da bax: Türkiyə parlamenti sosial media qanununu qəbul edir

“Biz artıq Avstraliyanın xəbər biznesinə milyonlarla dollar sərmayə qoyuruq, qanunvericiliyin müzakirəsi zamanı əlavə milyonlar təklif etdik. Biz Facebook News xidmətini Avstraliyaya gətirməyə ümid edirik, platformamızda yalnız xəbərlər üçün nəzərdə tutulmuş bu xidmətdə biz naşirlərə kontentə görə ödəniş edirik”, – Easton bloqunda yazıb. O, həmin təkliflərin nəzərə alınmadığını vurğulayıb.

Tənzimləyici orqanlar isə bu addımın Avstraliyada xəbər mediasından ötrü şəraiti bərabərləşdirmək niyyəti güddüyünü bildirir. 2019-cu ilin yanvarından ölkə boyunca 200-dən artıq xəbər mərkəzi ya xidmətləri azaldıb, ya müvəqqəti, ya da həmişəlik bağlanıb.

Ölkənin Maliyyə naziri Josh Frydenberg sentyabrın 1-də deyib ki, islahatlar “daha davamlı media mənzərəsinin yaranmasına” kömək edəcək.

CNN yazır ki, bu məsələ dünyanın hər yerində diqqətlə izlənir. Bəzi ölkələr indiyədək internet nəhənglərinin naşirlərə ödəniş etməsilə bağlı qanunvericilik qəbul etsələr də, məhdud effekt verib.