Trump: Navalny ilə bağlı məsələ diqqətlə öyrəniləcək

ABŞ prezidenti Donald Trump, 2020

ABŞ prezidenti Donald Tramp Aleksey Navalnynın zəhərlənməsindən danışıb.

O deyib ki, Navalnynin "Noviçok"-a yaxın bir maddə ilə zəhərlənməsinə dair Almaniya hökumətinin nəticələrinə şübhə etmək üçün onun əlində başqa bir səbəb yoxdur.

Trampın dediyinə görə, Vaşinqton hələ Berlindən Navalnynın zəhərlənməsi barədə sənədləri almayıb. Amma o, həmin sənədlərin yaxın bir neçə günə gələcəyini və diqqətlə öyrəniləcəyini vurğulayıb. Prezident bəyan edib ki, ABŞ Rusiya müxalifətçisinin ehtimal olunan zəhərlənməsi məsələsinə "çox diqqətlə" yanaşır.

Cümə günü Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Dövlət Departamentinə çağırılıb. Dövlət katibinin müavini Stephen Bigan səfirə Navalny ətrafındakı hadisələrdən Vaşinqtonun ciddi narahat olduğunu çatdırıb. Dövlət Departamentinin bəyanatında bildirildiyinə görə, Bigan bəyan edib ki, kimyəvi silah sayılan "Noviçok" maddəsindən Rusiya hakimiyətinin istifadə etməsi Moskvanın beynəlxalq öhdəlikləri posması olardı. Dövlət katibinin müavini Rusiyanı sui-qəsdlə bağlı araşdırmalara yardım etməyə çağırıb.

Almaniya sentyabrın 2-də bildirib ki, bu ölkədə keçirilmiş toksikoloji analiz Kremlin qatı tənqidçisi Aleksei Navalny-ya qarşı sovet dövründən qalma Noviçok adlı zəhərdən istifadə edildiyini “təkzibolunmaz” bir şəkildə göstərib.

Xatırlatma

Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib. O, həmin şəhərdə xəstəxanada iki gün süni aparata qoşulmuş halda koma vəziyyətində qalandan sonra Almaniyaya aparılıb.

44 yaşlı müxalifətçi hazırda Berlindəki Charite xəstəxanasının reanimasiya şöbəsindədir. Tanınmış klinikanın həkimləri onun xolinesteraz inhibitorlar adlı qrupa aid maddədən zəhərləndiyi qənaətinə gəliblər.