Türkiyə Erdoğanın karikaturasına görə “hüquqi addımlar atacaq”

R.T.Erdoğanın həyat yoldaşı Emine Erdoğan bahalı "Channel" çantalarını sevir

“Charlie Hebdo” dərgisinin üz qabığında dərc olunmuş karikaturada Erdoğan ağ mayka və qısa tumanda təsvir olunub, əlində içki tutub, yanındakı qadın isə hicabdadır

Türkiyə bu gün – oktyabrın 28-də bildirib ki, Prezident Recep Tayyip Erdoğanın karikaturasının “Charlie Hebdo” satirik dərgisində çap olunmasına qarşı hüquqi və diplomatik addımlar atacaq. Rəsmilər bu addımı “mədəni irqçilik və nifrət yaymağı” hədəfləyən “iyrənc cəhd” adlandırıblar.

Bu məsələ Türkiyə və Fransa arasında gərginliyi bir az da qızışdırıb. Ayın əvvəlində ifadə azadlığı dərsində şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturasını göstərən müəllimin başı kəsilmişdi. Bundan sonra Fransa hökumətinin islamçı qruplara qarşı gördüyü tədbirlər, hökumət binalarının üstünə projektorla karikaturaların salınması Türkiyəni və bir sıra müsəlman ölkələrini hiddətləndirib.

Buna da bax: Fransa malları necə boykot olunur

“Charlie Hebdo” dərgisinin üz qabığında dərc olunmuş karikaturada isə Erdoğan ağ mayka və qısa tumanda təsvir olunub, əlində içki tutub, yanındakı qadın isə hicabdadır.

Təhqiqat başladılıb

“Sözügedən karikaturaya qarşı gərəkən hüquqi və diplomatik addımların atılacağına xalqımızın heç bir şübhəsi olmasın”, – Türkiyənin Kommunikasiya Direktorluğu bildirib.

Ədliyyə naziri Abdulhamit Gül Ankarada jurnalistlərə deyib ki, Türkiyə hakimiyyəti müvafiq orqanlarla gərəkən bütün tədbirləri görüb. Dövlət mediasının məlumatına görə, Türkiyə prokurorları “Charlie Hebdo”nun məsul şəxslərinə qarşı təhqiqat başladıb.

Buna da bax: Fransalı jurnalistin Qarabağ reportajına görə təqib olunması 'qəbuledilməzdir'

Türkiyənin aparıcı rəsmiləri karikaturanı pisləyib. Prezidentin sözçüsü İbrahim Kalin deyib ki, karikatura “heç bir inanc, müqəddəslik və dəyərlərə” sayqı göstərməyib, “öz vulqarlıq və mənəviyyatsızlığını” ortaya qoyub. Onun sözlərinə görə, karikatura ifadə azadlığı hesab oluna bilməz.

Erdoğan ötən həftəsonu Makronu sərt tənqid etmiş, ona “beynini yoxlatmağı” məsləhət görmüşdü. Bundan sonra Fransa Ankaradakı səfirini geri çağırdı. Bazar ertəsi isə Erdoğan Fransa məhsullarını boykot etməyə çağırdı.

Məhəmməd peyğəmbərin hətta şəkli belə islamda yasaq sayılır, onun karikaturasının həmrəylik olaraq Fransada nümayişi müsəlmanları qəzəbləndirib. Makron isə deyib ki, mühafizəkar müsəlman inancının fransız dəyərlərini korlamasını dayandırmaq üçün cəhdləri ikiqat artıracaq.