Deputatlar arasında da koronavirusa yoluxanlar var

Milli Məclis

Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var.

Bunu noyabrın 24-də Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O bildirib ki, koronavirusla mübarizə ümumxalq işidir və hamı bir nəfər kimi bu xəstəliklə mübarizə aparmalıdır: "Hər kəs sağlamlığına diqqət yetirməli, sanitar-gigiyena qaydalarına riayət etməlidir".

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 1160 nəfərin vəfat etdiyi açıqlanıb.

50-dən çox koronavirus xəstəsi təcrid edilib

Son iki gündə (noyabrın 22-də, 23-də) paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin sərbəst hərəkət etdiyi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin şəxslər təcrid edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

"Bu istiqamətdə tədbirlər davam etdirilir", -məlumatda yazılıb.

Bu maddə üzrə şəxsi 3 ilə qədər həbs gözləyir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.