Yerli məhkəmələr Əli Kərimlinin işgəncə şikayətinə baxmaqdan imtina etdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimli sərbəst buraxılandan sonra ona verilən işgəncələrdən danışır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin işgəncə şikayətinə yerli məhkəmələr baxmaqdan imtina edib. Partiyadan AzadlıqRadiosuna bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi də bu məsələ ilə əlaqədar Ə.Kərimliyə "yox" cavabı verib.

Milli Şuranın 19 oktyabr 2019-cu ildə paytaxtın mərkəzində keçirdiyi icazəsiz mitinqdə qanunsuz saxlandığını, aparılarkən xüsusi zirehli avtobusda və sonradan polis idarəsində işgəncəyə məruz qaldığını deyən Ə.Kərimli günahkarların cəzalandırılması üçün prokurorluğa müraciət edib. Lakin Bakı şəhər Prokurorluğu polislərin əməllərində cinayət tərkibi olmadığı qənaətinə gələrək cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarıb. AXCP sədri sözügedən qərarın ləğvindən ötrü məhkəməyə müraciət edib. Ərizədə həmçinin, Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq hüququ), 5 (azadlıq və toxunulmazlıq hüququ), 11 (toplaşma azadlığı) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin ona münasibətdə pozuntusunun tanınmasını istəyib.

Qərar hələ yazılı təqdim olunmayıb

Səbail rayon Məhkəməsi Ə.Kərimlinin şikayətini icraata götürməkdən imtina edib. Həmin qərardan 2020-ci ilin yayında verilmiş apellyasiya şikayətinə dekabrın 30-da baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov da AXCP sədrinin şikayətini araşdırmamaq haqda birinci instansiya məhkəməsinin qərarını haqlı sayıb.

"Bu cür işlərdə şikayət üçün apellyasiya məhkəməsi sonuncu instansiya sayılır. Yəni, Ali Məhkəməyə kassasiya şikayəti vermək nəzərdə tutulmayıb. Apellyasiya məhkəməsi qərarı şifahi şəkildə elan etsə də, yazılı verməyib. Qərarı alandan sonra Əli Kərimlinin qanunsuz saxlanması, ona qarşı işgəncə ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək", – AXCP-dən bildirilib.

Ə.Kərimli Milli Şuranın 2019-cu il oktyabrın 19-da günorta saat 15:00 radələrində metronun "28 May" stansiyasının yaxınlığında keçirdiyi icazəsiz mitinq zamanı saxlanılıb. Həmin gün axşam saat 23:30 radələrində buraxıldığını deyən Ə.Kərimli işgəncəyə məruz qaldığını, vəziyyəti pisləşdiyinə görə Daxili İşlər Nazirliyinin hospitalına çatdırıldığını və orada baş nahiyəsinə 7 tikiş qoyulduğunu bildirib.

Baş Prokurorluğun bununla bağlı rəsmi açıqlamasında isə iddia olunub ki, Ə.Kərimli polislərin qanuni tələblərinə tabe olmayıb, onların ünvanına təhqirlər səsləndirib və özü başını avtobusa çırpıb: "Polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb".