Tvitter Trampın hesabını həmişəlik bloklayıb

Arxiv foto

Tvitter ABŞ prezidenti Donald Trampın 88 milyondan çox abunəçisi olan hesabını bloklayıb.
Şirkətin yaydığı açıqlamada deyilir: “@ realDonaldTrump-ın son tvitlərini və əlaqəli kontekstini - xüsusən Tvitter-də həmin paylaşımların necə qəbul edildiyini və şərh olunduğunu diqqətlə araşdırdıqdan sonra bu hesabı şiddət riskini təbliğ etdiyi üçün həmişəlik ləğv etdik."

Şirkət, həmçinin ABŞ Prezidenti Donald Trampın son tvitlərinin və bəzi istifadəçilərin onlara verdiyi reaksiyaların analizinin nəticələrini yayıb və belə qənaətə gəlib ki, bu yeni zorakılıqlara səbəb ola bilər. Açıqlamada yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə hücum etdiyi və bu zaman insan itkisinin olduğu vurğulanır.

Demokratlar və bəzi Respublikaçılar Trampı rəqibi Co Baydenin seçkilərdə qazandığı qələbəni ləğv etmək üçün 6 yanvarda tərəfdarlarını zorakılığa təhrik etməkdə günahlandırır. Trampın tvitlərində açıq şəkildə şiddət çağırışları yer almayıb. O, Vaşinqtonda yaşanan hadisəni qınayıb, ancaq tvitlərindən birində tərəfdarlarına qarşı "ədalətsiz" davranmalara icazə verməyəcəyini yazıb.

Amerika Birləşmiş Ştatları prezidenti kimi Trampın rəsmi tvitter hesabı isə işini davam etdirir, ancaq o, bu səhifədə nadir hallarda tvittlər yazır.

Ağ Ev və Donald Tramp hələ şirkətin qərarına münasibət bildirməyiblər. Bundan əvvəl Trampın Facebook hesabı da dondurulub.