İranla Şimali Koreya raket əməkdaşlığını ‘bərpa edib’

Arxiv fotosu

Hesabatda deyilir ki, informasiyanı BMT-nin adı çəkilməyən üzv ölkəsi verib

İran və Şimali Koreya ötən il uzaqmənzilli raket layihələri üzrə əməkdaşlığı bərpa ediblər. Bu haqda BMT hesabat yayıb. Şimali Koreyaya sanksiyaların monitorinqini aparan müstəqil qurum BMT-nin Təhlükəsizlik Şurasına illik hesabat təqdim edib.

Hesabatda deyilir ki, informasiyanı BMT-nin adı çəkilməyən üzv ölkəsi verib.

İranın BMT-dəki səfiri Məcid Taxt Ravançi ötən dekabrda panel üzvlərinə araşdırmada “saxta və quraşdırılmış informasiya”nın istifadə oluna biləcəyini söyləyib.

BMT uzun müddətdir Şimali Koreyanı və İranı raket hazırlanması sahəsində əməkdaşlıq etməkdə ittiham edir.

Birləşmiş Ştatlar isə bildirir ki, İranın kosmik və peyk fəaliyyəti qabaqcıl ballistik raketlər buraxmaq məqsədi güdən ikili proqramdır.

Bu arada Prezident Co Bayden administrasiyası sələfi Donald Trampın Şimali Koreya üzrə siyasətini nəzərdən keçirir.