Paşinyan Rusiyadan silahların belə göndərilməsini istəyir

Nikol Paşinyan

Baş nazirə sual verilib ki, Ermənistan Su-30SM qırıcıları və onlar üçün sursat almağa davam etdirəcəkmi. Paşinyan suala müsbət cavab verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya 7 aprel səfəri öncəsi “İnterfaks” agentliyinə müsahibəsində Rusiya-Ermənistan münasibətlərinin gələcəyinə dair fikirlərini bölüşüb.

“Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətləri yetərincə zəngin və əhatəlidir. Onlar dost xalqlarımızın tarixi yaxınlığına söykənir. Bu münasibətlərin xarakteri vaxtından əvvəl seçkilərin nəticəsindən asılı deyil”, – Paşinyan deyib.

Buna da bax: Prezident 'İskəndər' raketi ilə bağlı Rusiyanın cavabını açıqlayıb

Rusiyadan silah alınacaqmı

O qeyd edib ki, “Ermənistan Rusiya Federasiyası ilə geniş və uzunmüddətli hərbi-texniki əməkdaşlığa fokuslanıb, bu isə iki ölkənin uzunmüddətli strateji maraqlarından doğur”.

Paşinyan Ermənistan ərazisində Rusiya ilə birgə iki hərbi qruplaşmasının mövcudluğunu, hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü vurğulayaraq Yerevanın Rusiyadan təchizatda çox maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Yerevan həmçinin Ermənistana silah və döyüş sursatının Rusiya Federasiyasının Silahlı Qüvvələrinə verilən komplektasiyada çatdırılmasında maraqlıdır.

Baş nazirə sual verilib ki, Ermənistan Su-30SM qırıcıları və onlar üçün sursat almağı davam etdirəcəkmi. Paşinyan suala müsbət cavab verib. “Bu müasir çoxfunksiyalı qırıcıların alınması həm bizim ikitərəfli kontraktlarımızda, həm də milli silahlı qüvvələrin inkişaf proqramında nəzərdə tutulub”, – deyə əlavə edib.

Buna da bax: Davtyan: ‘Aprel döyüşlərindən dərs çıxarmasaydıq...’

Türkiyə ilə sərhədin açılması

Regionda iqtisadi əlaqələrin qaydaya salınması Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasından nə dərəcədə asılıdır? Bu suala cavabında Paşinyan deyib ki, Ermənistan-Türkiyə sərhədi Ankara tərəfindən birtərəfli qaydada 1993-cü ildə bağlanıb.

“Ermənistan daima Türkiyə ilə münasibətlərin ilkin şərtsiz normallaşdırılması tərəfdarı olub, amma Türkiyə özü bunu rədd edirdi. Ankaranın bu ədavətli siyasəti Azərbaycanın Artsaxa (Dağlıq Qarabağ) qarşı 44 günlük təcavüzü nəticəsində yenidən vüsət aldı. Türkiyə Azərbaycana birbaşa hərbi-siyasi və hərbi-texniki dəstək verdi, münaqişə zonasına əcnəbi döyüşçü-terrorçuları göndərdi. Bu kontekstdə regionda daimi sülh və iqtisadiyyatın bərpasından ötrü Türkiyə Ermənistana qarşı aqressiv siyasətini dəyişməlidir”, – Paşinyan bildirib.

Buna da bax: Ermənistan müharibədə Su-30SM-dən niyə istifadə etmədi

Xatırlatma

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini geri ala bilib. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Hərbi əməliyyatlara əcnəbi muzdlu döyüşçülərin cəlb olunması haqda səslənən iddiaları isə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə təkzib edib, buna dəlil istəyib.

Paşinyanın Rusiyadan alınan silahlarla bağlı dedikləri bir neçə dəfə qalmaqala səbəb olub. O, bir müddət öncə “İskander” raketlərinin partlamadığını demişdi. Bu günlərdə isə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Şuşaya atıldığı bildirilən “İskander”in qalıqlarını nümayiş etdirdi.

Bundan başqa onun Ermənistanın Su-30SM üçün raket almadığını deməsi, müharibədən qabaq isə sosial mediada qırıcıların “raketləri uğurlar sınaqdan keçirdiyini” yazması müzakirə yaradıb. Paşinyan martın 24-də parlamentdə deyib ki, “müharibə vaxtı ultramüasir Su-30SM-lərin öz təyinatı və gücünə uyğun istifadəsini mümkün edəcək ləvazimat və raketlər almağa vaxtımız qalmadı”.