'Oskar' nominantlarının Los-Ancelesə getmək dərdi

"Oskar" heykəli

"Oskar" komitəsi bəyanat yayaraq bildirib ki, builki teleyayım zamanı laureatların canlı Zoom nitqləri olmayacaq. Ancaq bu qərar Los-Ancelesə gedib çıxa bilməməkdən qorxan nominantların narahatlığına səbəb olub. Onlar hesab edirlər ki, pandemiyanın ortasında nominantlardan mərasimə canlı qatılmağı tələb etmək ədalətli və praktik deyil. Amerika Kino Akademiyasından qərarını dəyişmək tələb olunur, çünki çox sayda nominant mərasimdə canlı iştirak edə bilməyəcək. Onların bir çoxu xaricdə, COVID-ə yoluxma saylarının artmaqda olduğu ölkələrdə yaşayır. Bəziləri isə Avstraliya və Britaniya kimi prodakşn hablarında film, yaxud televiziya şouları çəkir.

Texniki problemlər

Zoom-da yayımların keyfiyyəti pandemiya dövründə mükafatlandırma mərasimlərinin üzləşdiyi əsas problemlərdən biri olub. "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimi zamanı Deniel Kaluyanın ("Judas and the Black Messiah") mikrofonu səssizə qoyulduğu üçün mükafata reaksiyası səssiz keçmişdi. "Qotem" mükafatlarının təqdimetmə şousu zamanı isə Nikol Behari ("Miss Juneteenth") adının elanından sonra 10 saniyə heç bir reaksiya vermədən sakitcə ekrana tamaşa edib. Səsin ona gedib çatmağı bu qədər vaxt alıb. Mərasimdə daha az adamın iştirakı nitqlərin də az olması deməkdir. Bu isə ümumilikdə şounun həcmini və məzmununu daralda bilər.

Buna da bax: Bu il 'Oskar'ın ən yaxşı filmi hansı olacaq?

"Variety" saytı yazır ki, builki mükafatlar nominantların müxtəlifliyi ilə seçilir. Aparıcı namizədlərdən bəzilərinin tarixə düşəcəyi gözlənilir. Bu il ilk dəfə ümumilikdə 70 qadın 76 nominasiyada mükafata namizəddir. Emirald Fennell ("Promising Young Woman") və Xloya Çjao ("Nomadland") "Oskar" tarixində "ən yaxşı kinorejissor" nominasiyasında namizəd olan altıncı və yeddinci qadınlardır. 20 aktyor nominantdan doqquzu rəngli dərilidir. Bu da "Oskar" tarixində rekord sayılır. Onlardan bir neçəsi mövcud səyahət məhdudiyyətlərinə görə mərasimə qatıla bilməyəcək. Fennell və Çjao "ən yaxşı film", "ən yaxşı rejissor", ən yaxşı orijinal və adaptasiya edilmiş ssenari nominasiyalarının əsas favoritləridir. Onların heç biri hazırda ABŞ-da deyil. Çox sayda digər nominant da ölkə xaricindədir.

"Variety" saytı Fennelldən mərasimdə iştirak edib-etməyəcəyini soruşub. Rejissor bunu çox istədiyini, gəlməyə ümid etdiyini deyib. Hətta zarafatla imkanı olsaydı, Atlantik okeanını üzüb gələ biləcəyini də deyib.

Buna da bax: 'Sezar' mükafatlarının təqdimatı yenə gərgin keçdi

Cərimələr, karantində qalmaq

Britaniya ən azı mayın 17-dək (ola bilsin iyunadək) bütün beynəlxalq səyahəti qadağan edib. Tutarlı səbəb göstərmədən səyahət edən hər kəsi 5 min funtluq (6 min 856 dollar) cərimə gözləyir. Əlbəttə, bəzi məşhurlar üçün bu məbləğ qəpik-quruşdur. "Oskar" mükafatlarının təqdimetmə mərasimində iştirakın tutarlı səbəb sayılıb-sayılmayacağı, hələlik, sual altındadır.

Amerika Kino Akademiyası mərasimin yayımı və nominantların iştirakı ilə bağlı məlumat təqdim edib. İştirakçılar həm səyahət, həm otel, həm də iştirakla bağlı digər xərclərini özləri qarşılamalıdır. Kiçik müstəqil filmlərin çəkiliş heyətləri bu xərclərə görə narahatdır. Bu xərclər onların üzərində böyük yük ola bilər. Ancaq, əlbəttə ki, hər il "Oskar" kampaniyasına 100 milyon dollardan artıq pul xərcləyən studiyalar da var.

Kino Akademiyasının nominantların mərasimdən əvvəl 14 gün karantində qalmasını tələb etməsi barədə şayiələr də eşidilməkdədir. Aydındır ki, "Oskar" mərasimindən qayıdan şəxslər dərhal işə başlaya bilməzlər. Çəkilişin getdiyi ölkədə onlardan yenidən 14 gün karantində qalmaq tələb olunacaq. Bu isə çəkilişlərin 10-30 gün ləngiməsi demək olacaq və studiyalara milyonlarla dollar əlavə xərcə başa gələcək. Hələlik, prodüserlər "Oskar" iştirakçılarının peyvənd vurdurub-vurdurmaması ilə maraqlanmırlar.

Builki "Oskar" mükafatlarının təqdimetmə mərasimi aprelin 25-i, bazar günü ABC kanalında yayımlanacaq.