İsrail sərhəd polisi iki fələstinlini öldürüb

Qəzzə şəhəri, arxiv fotosu

Mayın 7-də İsrailin tutduğu Qərb sahildə hərbi bazaya atəş açılandan sonra iki fələstinli öldürülüb, üçüncü isə ağır vəziyyətdədir.

Sərhəd polisi Cenin şəhəri yaxınlığında sərhəd polisinin bazasına atəş açan iki nəfərin öldürüldüyünü, üçüncünün isə “ağır vəziyyətdə” xəstəxanaya çatdırıldığını bildirir.

Yerusəlimin (Qüds) şərqində toqquşmalarda isə İsrail polisi 15 nəfəri həbs edib. Mayın 7-də səhər polis əməkdaşları və maşınlarına daş atılıb.

Hazırda Yerusəlimim şərqində gərginlik yaşanır, onlarla fələstinli orada məskunlaşmış israillilərlə hüquqi çəkişmədən sonra evlərindən çıxarılma riski ilə üzləşiblər. Hər iki tərəf mülkiyyətə iddia edir. Son həftələr fələstinli etirazçılar hər gecə polislə toqquşur.

Fələstinlilərin evlərindən zorla çıxarılması son illər dəfələrlə zorakı etirazlara səbəb olub.

İsrail Ali Məhkəməsi gələn həftə dörd fələstinli ailə haqda qərar çıxarmalıdır. Günlərdir bu ailələrin tərəfdarları Şeyx Carrah deyilən ərazidə bir araya gələrək açıq havada birlikdə iftar açırlar.