Koronavirusa qarşı immunitet illərlə qala bilər? – Araşdırma

Meksika

Vacib immunitet hüceyrələri virusa yoluxanların, yaxud ona qarşı peyvənd olunanların sümük iliyində yaşayır. Bunu iki yeni araşdırma üzə çıxarıb.

“The New York Times” qəzeti araşdırmaya istinadla yazır ki, bu immunitet azı bir il, hətta ömür boyu qala, vaksinasiyadan sonra daha da möhkəmlənə bilər. Araşdırmalar virusa qarşı qorumanın qısamüddətli olması sarıdan qorxuları azalda bilər, məqalədə deyilir.

Buna da bax: Əhmədinejatın niyyəti prezident olmaq deyilmiş – Qərb mediası

Azı 12 ay...

Covid-19-dan sağalanların, sonradan peyvənd olunanların heç əlavə gücləndirici dozalara ehtiyacı olmadığı bildirilir. Heç vaxt yoluxmamış, peyvənd olunmuş şəxslərə isə sonradan gücləndirici dozalar vurula bilər. Bu, yoluxanlara, ancaq bədənində güclü immun reaksiyası yaranmamış şəxslərə də aiddir.

Bu həftə “Nature” jurnalında dərc olunmuş bir araşdırmaya görə, yaddaş hüceyrələri ilik sümüyündə qalır. Bioloji tədqiqat saytı olan “BioRxiv”də dərc olunmuş digər araşdırmaya görə, həmin B hüceyrələri ilkin yoluxmadan azı 12 ay sonra belə yetişir və möhkəmlənirlər. Hər iki tədqiqat bir il öncə koronavirus keçirmiş şəxslər üzərində aparılıb.

Pensilvaniya Universitetinin immunoloqu Skot Hensli deyib ki, bu tədqiqatlar virusa qarşı immunitetin, adi soyuqdəymə viruslarında olduğu kimi, keçici olması sarıdan qorxuları azalda bilər. Amma bir məsələ də var ki, viruslar hər neçə ildən bir dəyişir.

Buna da bax: Vaksinin koronavirus üzərinə ‘əks-hücumu’ başlanır?

“Həyatımız boyunca adi koronavirua təkrar-təkrar yoluxma səbəbimiz immunitetdən çox, bu virusların mutasiyaları ilə bağlı ola bilər”, – Hensli vurğulayıb.

Nyu Yorkdakı Rokfeller Universitetindən Mişel Nussenzveqin sözlərinə görə, SARS-CoV-2-yə qarşı yaranan B yaddaş hüceyrələri o qədər güclüdürlər ki, virusun mutasiyalarının qarşısını belə ala bilirlər.

“Yoluxanlar və vaksinasiya olunanlarda həqiqətən qeyri-adi reaksiya yaranır, dəhşətli anticisim seriyası formalaşır və onlarda anticisim formalaşmaqda davam edir. Bu anticismlərin uzun müddət qalacağını gözləyirəm”, – o vurğulayıb.

Buna da bax: Hökumətdə çalışanlar həmişəlik evdən işləyə bilərlər – Qərb mediası

Virusun laboratoriyadan sızması sübut olunarsa...

Koronavirusun Çinin Vuhan şəhərində laboratoriyadan sızma versiyasına real bir sübut yoxdur, amma getdikcə alimlər bu haqda daha çox danışırlar. Prezident Co Bayden administrasiyası da bu həftə bəyan etdi ki, həqiqətin ortaya çıxmasından ötrü cəhdləri ikiqat artırır. “The Washington Post” qəzetində Aaron Bleyk versiya təsdiqlənərsə, ABŞ hökuməti, onun aparıcı rəsmiləri, eləcə də Çin üçün nəyin dəyişəcəyindən yazır.

İndiyədək Çinin bu məsələdə şəffaf olmaması haqda çox yazılıb. Müəllif yazır ki, üstəlik, virusun laboratoriyadan sızdığı sübut olunsa, bu, Çinin məsələyə bilindiyindən daha səhlənkar yanaşdığı ortaya çıxar. “Çin hökumətinin əslində nə baş vermədiyini bilməməsi də mümkündür. Amma istənilən halda, hökumət kənardan alimlərin gəlməsinə, bu və digər məsələlərə aydınlıq gətirməsinə çox dirəniş göstərdi”, – məqalədə deyilir.

Buna da bax: Bayden koronavirusun mənşəyinin araşdırılmasına göstəriş verib

Özəlliklə Birləşmiş Ştatlar Çinə bahalı sanksiyalara çağıra bilər. Amma elə bu ölkə də daxil dünyanın böyük hissəsi Çinlə ticarətdən asılıdır...

Keçmiş prezident Donald Tramp bu versiyanı çox səsləndirir, amma nə o, nə keçmiş dövlət katibi Mayk Pompeo bəyanatlarını əsaslandıra bildilər.

Məqalədə laboratoriyadan sızma versiyasının Prezident Bayden və elmi cameə üçün böyük nəticələri olacağı deyilir. Çünki bu halda Bayden Çinlə bağlı çətin qərarlar verməli olacaq.

Koronavirus dünyada 3.5 milyondan çox insanın həyatına son qoyub, 169 milyona yaxın yoluxma təsdiqlənib.