ATƏT Azərbaycanda jurnalistin döyülməsini pisləyən bəyanat verib

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevə qarşı təzyiqləri “qəbuledilməz” adlandırıb. Onun martın 28-də yaydığı bəyanatda Həziyevə qarşı hücum pislənir və Azərbaycan hökuməti jurnalistlərə qarşı zorakılıqlara son qoyulmasına çağırılır: “Hökumət bu hadisənin, eləcə də bundan əvvəl jurnalistlərə qarşı törədilən zorakılıqların, o cümlədən də 2005-ci ildə Elmar Hüseynovu qətlə yetirənlərin məhkəmə qarşısına çıxarılmasına nail olmalıdır.”

S. Həziyev iddia edir ötən həftə sonu gecə işdən evə gedərkən maskalı adamlar onun başına torba keçirərərk döyüblər. O, hesab edir ki, hakimiyyəti tənqid etdiyi üçün bu hadisə baş verib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Daxili İşlər naziri Ramil Usubova yazılı müraciət edərək jurnalistin döyülməsi faktını operativ və obyektiv araşdırmağa çağırıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları isə bildiriblər ki, jurnalist müraciət edərsə, məsələ araşdırılacaq.