Elmar Hüseynov mükafatının təqdimatı jurnalistin qəbri üzərində ola bilər

Xuduoğlunun sözlərinə görə, kiçik qrantlar layihəsində 18 jurnalist iştirak edib

Elmar Hüseynov mükafatı iyulun 17-də jurnalistin doğum günündə təqdim ediləcək. Bu barədə «Turan»a Elmar Hüseynov mükafatı layihəsinin koordinatoru Şahbaz Xuduoğlu bildirib.


Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin Elmar Hüseynovun qəbri üzərində olması ehtimalı da var:


«Belə ki, mükafatın təqdim olunması üçün hələ də müvafiq yer tapa bilmirik. Müvafiq yer tapılmasa, mükafatın təqdimatı iyulun 17-də saat 15.30-da jurnalistin qəbri üzərində olacaq».


Ş.Xuduoğlunun sözlərinə görə, kiçik qrantlar layihəsində 18 jurnalist iştirak edib. Jurnalistlərin təqdim etdiyi materiallardan 9-u seçilib. Bunlardan 1 qəzet yazısına və 1 teleradio reportajına Elmar Hüseynov mükafatı veiləcək.
Elmar Hüseynov mükafatı ilk dəfədir verilir. Mükafat layihəsini ABŞ Dövlət Departamenti maliyyələşdirir. Hər mükafat 1000 dollardır.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilib. Jurnalisti qətlə yetirənlər hələ də tapılmayıb.