ABŞ Nümayəndələr Palatası TikTok-u qadağan edən layihəni təsdiqləyir

Kapitolidə TikTok ilə bağlı qanunlara qarşı etiraz

Martın 13-də ABŞ Nümayəndələr Palatası TikTok sosial şəbəkəsinin Çindəki təsisçi şirkətlə əlaqələrini kəsməsini, yaxud Birləşmiş Ştatlar ərazisində yasaqlanmasını tələb edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Bu qanun layihəsi bütün dünyada populyarlaşan videopaylaşım tətbiqi üçün böyük geriləmə sayılır. Sözügedən tətbiqin Çin şirkətinə məxsusluğu, onun Pekindəki Kommunist Partiyasının mümkün nəzarətində olması sarıdan narahatlıq var.

"France-Presse" yazır ki, Nümayəndələr Palatasının 352 üzvü qanunun lehinə, 65-i əleyhinə səs verib. Bu, siyasi baxımdan parçalanmış Vaşinqtonda misilsiz həmrəylik nümayişi sayılır.

Agentlik onu da qeyd edir ki, respublikaçılar və demokratlar bununla gənclərin səsinin həlledici olduğu seçki ilində TikTok-u sevən gənclərin qəzəbinə tuş gəlmək riski ilə üzləşiblər.

Senatorlar daha ehtiyatlıdırlar

"Bu gün hər iki partiyanın verdiyi səs Konqresin kommunist Çinin amerikalılar üzərində casusluq və manipulyasiya cəhdlərinə dirənişini göstərir, düşmənlərimizin qarşısını almaq qətiyyətimizi müjdələyir", - Palatanın respublikaçı spikeri Mayk Conson (Mike Johnson) səsvermədən sonra deyib.

Ancaq qanun layihəsinin daha ehtiyatlı Senatda taleyinin necə olacağı bilinmir. Bəzi senatorlar ABŞ-da 170 milyon istifadəçisi olan bu tətbiqə qarşı radikal addıma ehtiyatla yanaşırlar.

Senatda demokratik çoxluğun lideri Çak Şumer (Chuck Schumer) qəti bir söz deməyib, ancaq onu bildirib ki, Senat Palatadan gələn qanunvericiliyi nəzərdən keçirəcək.

Ağ ev isə bildirib ki, prezident Co Bayden (Joe Biden) qanun onun masasına gəlincə, ona imza atacaq.

TikTok rəhbərinin çağırışı

Səsvermədən sonra TikTok-un icraçı direktoru Şou Zi Çyu tətbiqin ABŞ-dakı istifadəçilərini mövqe bildirməyə, öz hekayələrini senatorlar ilə paylaşmağa çağırıb.

"Sizinlə qurduğumuz bu heyrətamiz platformanı qorumaq üçün leqal hüquqlarımızdan istifadə daxil olmaqla əlimizdən gələni etməyə davam edəcəyik", - o X sosial media platformasında yerləşdirdiyi videoda deyir.

Qanun layihəsinə görə, sosial şəbəkənin çinli sahibi - "ByteDance" 165 gün ərzində Amerika aktivlərini satmalıdır, əks halda TikTok ABŞ-da bloklanacaq.

Bayden özü ötən ay ikinci müddətə prezident kampaniyası çərçivəsində TikTok-a qoşulub.

AFP Çyunun Vaşinqtonda olduğunu, qanun layihəsinin irəliləməsini dayandırmağa çalışdığını yazır.

Çin isə martın 13-də xəbərdarlıq edib ki, bu addım "şübhəsiz, Birləşmiş Ştatlarda mənfi reaksiya doğuracaq".