Aktauda Yol Xəritəsi qəbul edilib

Aktauda xarici işlər və nəqliyyat nazirlərinin görüşü

Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində bu ölkə, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

Tədbirin yekunlarına görə tərəflər 2022-2027-ci illər üçün "Orta dəhliz"in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

Məlumata görə, razılaşmaların icrası 2025-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətini ildə hazırkı 1.5 mln. tondan 10 mln. tonadək artırmağa imkan verməlidir.

2017-ci ildə işə düşən "Orta dəhliz"in önəmi 2022-ci ildə Ukraynada hərbi əməliyyatların (Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya təcavüz edib) başlaması ilə artıb.

Əvvəl Rusiya ilə işləyən Avropa şirkətləri üçün yükdaşımalarının davamı məqsədilə bu ölkə ərazisindən yan keçən marşrutların tapılması zərurəti yaranıb.