Əli Həsənov Mehriban Əliyevanın təyinatından danışır

Əli Həsənov, 5 mart 2014

"Mehriban Əliyevanı birinci vitse-prezidenti təyin edilməsi Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək".

Bunu fevralın 25-də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı və Azərbaycanlıların etnik təmizlənməsinə həsr etdiyi kitablarının təqdimatında deyib.

Prezidentin köməkçisi təyinatın özünü gələcək inkişafda göstərəcəyini ifadə edib.

"Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də sirayət edəcəyinin şahidi olacaqsınız", Ə.Həsənov bildirib.

Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi. Yeni Konstitusiyaya görə, birinci və digər vitse-prezidentləri prezident təyin edir.

Dəyişikliklərə bundan başqa, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması da daxil idi. Habelə, prezident və deputat seçkilərində yaş senzi aradan qaldırılırdı.

Hakimiyyət bütün bu dəyişiklikləri Konstitusiya islahatları kimi təqdim edib. Onların fikrincə, bu, ölkənin daha çevik idarə edilməsinə və təhlükəsizliyinə şərait yaradacaq.

Müxalifət isə bunu hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirmişdi.