Almaniyadan qaytarılan şəxsə narkotik ittihamının verildiyi deyilir

Almaniyadan noyabrın 24-də readmissiya ilə Azərbaycana göndərilən və saxlandığı deyilən Cəfər Mirzəyevə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə onun ailəsi məlumat verib.

Cəfər Mirzəyevi yanvarın 28-də Ramana qəsəbəsində mağazada mülki geyimli şəxslərin saxladığı vurğulanırdı.

Yaxınlarının deməsinə görə, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama,…satma) cinayət işi qaldırılıb və barəsində Sabunçu Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onun Almaniyada fəaliyət göstərən DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının üzvü olduğu və təşkilatın aksiyalarında iştirak etdiyi deyilir.

Amma onun həbsi ilə bağlı məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və Sabunçu Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Ötən həftənin sonu, yanvarın 28-də Cəfər Mirzəyevin saxlandığı barədə onun qardaşı Vüsal Mirzəyev məlumat yaymışdı:

"Onun hara aparıldığı məlum deyildi. Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurmuşuq. Bu gün, yanvarın 28-də məlum olub ki, Sabunçu Rayon Polis İdarəsindədir. Gəlmişik bura, amma müstəntiqlə əlaqə saxlaya bilmirik deyə, saxlanma səbəbini öyrənə bilmirik".

Buna da bax: Almaniyadan qaytarılan şəxsin saxlandığı deyilir

AXCP üzvü

Yanvarın 25-də isə bir neçə ay əvvəl Almaniyadan readmissiya ilə qaytarılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimlinin də həbs olunduğu deyilir.

Partiyadan verilən məlumata görə, onun barəsində də cinayət məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib:

"Pünhan bəy bir müddət Almaniyada yaşayıb və orada olduğu müddətdə Avropada siyasi mühacirlərin təşkil etdiyi əksər aksiyalarda aktiv iştirak edib. Bir neçə ay öncə Almaniyadan Azərbaycana qayıdıb və yanvar ayının 25-i Nərimanov parkı yaxınlığında həbs olunub".

Onun həbsi ilə də bağlı deyilənlərə də, rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Amma rəsmi qurumlar insanların siyasi baxışlarına görə, təqib edilməsi ilə bağlı deyilənləri birqayda olaraq təkzib edirlər.

Xatırlatma

Son illər Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissiya sazişinəəsasən, yüzlərlə mühacir Almaniyadan Azərbaycana qaytarılıb.

Bundan əvvəl ötən il qaytarılanlardan iki nəfərin də narkotik ittihamı ilə saxlandığı açıqlanmışdı. Yaxınları onların şərləndiklərini desələr də, hüquq-mühafizə orqanları bununla razılaşmırdılar.

Readmissiya - ölkəsindən hansısa bir səbəblə bağlı digər ölkəyə gedən, amma orada leqallaşa bilməyən şəxslərin öz ölkəsinə geri qaytarılmasıdır.