ABŞ Kiyevə daha 12,3 milyard dollar ayırır

HIMARS-arxiv foto

ABŞ prezidenti Co Bayden Ukraynaya 12,3 milyard dollar yardımı nəzərdə tutan sənədi imzalayıb.

Məlumata görə, vəsaitin əsas hissəsi hərbi yardıma, Ukrayna hökumətinin dəstəklənməsinə, həmçinin 35 milyonu dollar Ukraynada potensial nüvə və radioloji insidentlərə hazırlıq və onlara cavab vermək tədbirləri ilə bağlı məsələlərə yönəldiləcək.

Buna da bax: Zaporojyedə Rusiya zərbəsindən 23 nəfər həlak olub

ABŞ, Avropa ölkələri, Yaponiya, Avstraliya Ukraynaya milyardlarla dollar hərbi və humanitar yardım ediblər.

Amerikanın indiyə qədər Kiyevə ayırdığı vəsait təxminən 44 milyard dollara çatıb. Ukraynaya Böyük Britaniya 6, Almaniya isə 3 milyarddan çox yardım edib.

Rusiya isə hesab edir ki, Qərb ölkələri Ukraynaya yardım etməklə, NATO Ukraynaya silah verməklə “odla oynayır”.

Buna da bax: Putin Ukraynanın 4 vilayətinin ilhaqını bəyan edib

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.