Azərbaycandan da keçən yol ABŞ-ın diqqətindədir

İbrahim Rəisi və Vladimir Putin

Mayın 17-də ABŞ Dövlət Departamentindən Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişə münasibət bildiriblər.

"Turan"ın xəbərinə görə, qurumdan bildirilib ki, həmin sazişi diqqətdə saxlayacaqlar.

"Mənim bu layihə ilə bağlı fikrim yoxdur, amma belə ciddi sanksiya rejimi tətbiq etməyimizin səbəbi var. Onlardan yayınmağa yönəlmiş istənilən cəhdlər bizdə böyük narahatlıq doğurur", -mətbuat katibinin müavini Vedant Patel bildirib.

Mayın 17-də Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalanması mərasimi keçiriblər.

Saziş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirməlidir. Tikintidə "Rusiya Dəmir Yolları" iştirak edəcək. Həmin bu yol Azərbaycandan da keçir.

ABŞ həm Ukraynaya təcavüzə görə Rusiyaya, həm də nüvə məqsədli uranın zənginləşdirilməsinə görə İrana müxtəlif sahələr üzrə sanksiyalar tətbiq edib.

"Şimal-Cənub" dəhlizi

"Şimal-Cənub" dəhlizi

"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə üç həftə olması gözlənilir).