Ermənistan xüsusi xidmətinə işləməkdə suçlanan azərbaycanlıya 17 il 6 ay cəza kəsildi

Bakı Ağır Cinayətlər Məhkəməsi

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan Aydın Zəkiyev uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Bir il sürən məhkəmə noyabrın 30-da ona 17 il 6 ay həbs cəzası kəsib.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və başqa maddələri ilə ittiham edilən A.Zəkiyevin 53 yaşı var. Özünü təqsirli bilməyən A.Zəkiyev bildirib ki, əslən Qusar rayonundan olsa da, Bakıda – Yasamal ərazisində yaşayıb. Əvvəllər dəllal işləyib. Onun 18 yaşlı bir oğlu var.

Cinayət işinin materiallarında iddia edilir ki, A.Zəkiyev ona ötürülən materialları sosial media hesabında yayıb. Bu materiallar Azərbaycanda etnik zəmində qarşıdurma yaratmağa hesablanıbmış. O, Azərbaycanın Silahlı Qüvvələri haqda əldə etdiyi bilgiləri qarşı tərəfə ötürübmüş. İddiaya görə, A.Zəkiyevə verilən tapşırıqlardan biri də özü ilə yanaşı, başqalarını da bu əməkdaşlığa cəlb etmək olub.

Buna da bax: Ermənistana casusluqda ittiham olunan azərbaycanlı: '15 dəqiqə səfirliklərində olmuşam deyə...'

A.Zəkiyev bu ittihamlarla razılaşmır. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyini, sosial şəbəkələrdəki paylaşımlarının öz fikirləri olduğunu bildirib.

A.Zəkiyev 2021-ci ilin oktyabrında həbs olunub. O, təxminən bir il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılsa da, ötən ilin dekabrında oradan köçürülüb. Məhkəməsi başlayandan sonra da Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində A.Zəkiyevin işi ilə paralel bənzər əməllərdə suçlanan Hacı Paşayev adlı başqa bir azərbaycanlının da mühakiməsi gedib. Bir müddət öncə ona 17 il həbs cəzası kəsilib. Özünü təqsirli bilməyən H.Paşayev də ittiham aktında yazılanların həqiqətəuyğun olmadığını söyləyib.