Ramzan Kadırovun qızı Çeçenistanın mədəniyyət naziri oldu

Ayşat Kadırova

Ümumiyyətlə, Ramzan Kadırovun qardaşları, dayıları, yeznələri və kürəkənləri də daxil, qohumları Çeçenistanda müxtəlif rəhbər vəzifələr tuturlar

Çeçenistan başçısı Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova respublikanın mədəniyyət naziri təyin edilib.

Bu barədə məlumatı Çeçenistan parlamentinin spikeri Maqomed Daudov özünün Instagram səhifəsində verib:

"Əziz qardaşım qızı Ayşat Ramzanovna Kadırovanı Çeçenistan Respulikasının mədəniyyət naziri vəzifəsinə təyin olunması münasibətilə şəxsən öz adımdan və Çeçen Respublikası parlamentinin deputatları adından təbrik edirəm”.

CurrentTime yazır ki, 22 yaşlı Ayşat Kadırova bundan əvvəl mədəniyyət nazirinin birinci müavini idi.

Onu həmin posta ötən ilin sentyabrında təyin etmişdilər.

Bundan da əvvəl Kadırovun böyük qızı Firdaws modalar evinin direktoru kimi məşhur idi. Bu brendin kolleksiyaları Parisdə, Dubayda, Mosvada və Qroznıda nümayiş etdirilib.

Ümumiyyətlə, Ramzan Kadırovun qardaşları, dayıları, yeznələri və kürəkənləri də daxil, qohumları Çeçenistanda müxtəlif rəhbər vəzifələr tuturlar.

Buna da bax: Kadırovdan ‘insan haqlarını qorumaq’ vədi

100-dək dövlət vəzifəsi

Kadırovun 21 yaşlı qızı Xadicat Kadırova Qroznı meriyasında məktəbəqədər təhsil departamentinin başçısıdır.

Qroznının meri isə Kadırovun əmisi oğlu, 30 yaşlı Xas-Maqomed Kadırovdur. O bu vəzifəyə bu ilin martında təyin edilib.

2020-ci ilin fevralında Rusiyanın baş naziri Mixail Mişustin Ramzan Kadırovun dayısı oğlu Odes Baysultanovu Rusiya idman nazirinin müavini vəzifəsinə təyin edib.

AzadlıqRadiosunun məlumatına görə Kadırovun 100-dək qohumuna dövlət vəzifələri verilib.

Ötən mart ayında qohumbazlığına görə səslənən tənqidlərə Ramzan Kadırov belə cavab vermişdi:

"Mən bundan utanmıram. Əgər mən öz xalqıma görə, respublikaya görə cavabdehlik daşıyıramsa, bunun öhdəsindən gəlirəmsə, kimin nazir, kimin rayon başçısı, administrasiya rəhbəri və ya hökumətin sədri olmasının nə fərqi var?”.

2020-ci ilin iyulunda ABŞ Raman Kadırova qarşı yeni sanksiyalar elan edib.

Bu sanksiyalar həmçinin Kadırovun arvadı Medina Kadırovaya, həm də onun qızlarına şamil olunur.