Azərbaycan ermənistanlı ərizəçilərə təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) dekabrın 19-da açıqlanan qərarına əsasən, "Narayan və başqaları Azərbaycana qarşı" işi üzrə təzminat ödənəcək. Qərara əsasən, mənəvi ziyana görə iki qrupun hərəsinə 16 min avro, hüquqi xərclər əvəzi isə hər birinə 2 min 780 avro ödənilməlidir.

Bu iş üzrə 10 ərizəçi 1959-1998-ci illər aralığında doğulmuş Ermənistan vətəndaşlarıdır, hazırda Yerevanda və Stepanavanda yaşayırlar. Onlar məhkəməyə qohumlarını sərhədi keçən Azərbaycan əsgərinin güllələyərək öldürməsi iddiası ilə müraciət etmişdilər. Həmin şəxslərin iddiasına görə, qohumları əsassız öldürülüblər, həmin vaxt tərəflər arasında silahlı münaqişə getmirdi. Hesab edirlər ki, onlar etnik mənsubiyyətlərinə görə diskriminasiyaya məruz qalıblar, Azərbaycan qətllər üzrə səmərəli təhqiqat aparmayıb.

Azərbaycan hökuməti bildirib ki, iddiaçıların qohumları hadisə baş verən vaxt cavabdeh dövlətin hakimiyyəti, yaxud nəzarəti altında, bu səbəbdən də yurisdiksiyasında olmayıblar. Cavaba görə, digər tərəfdən, ərizəçilər qohumlarının hərbi xidmət keçdiyi Ermənistan ərazisində Azərbaycanın hərbi mövcudluğuna hər hansı dəlil təqdim etməyiblər: "Ona görə təxmin etmək olar ki, biri azərbaycanlı və üçü ermənistanlı olmaqla dörd əsgərin meyiti Azərbaycandan Ermənistana "şou göstərmək" üçün aparılıb".

Söhbət 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmadan gedir. Toqquşmalarda ərizəçilərin qohumları olan üç ermənistanlı əsgər və bir azərbaycanlı əsgər öldürülüb. Onların meyitləri Ermənistanın Tavuş regionunun Çinari kəndi yaxınlığında tapılıb.

Bakı və Yerevan həmin toqquşmaya görə bir-birini sərhədi pozmaqda ittiham edib.