Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırılır

Xəzərdə Azərbaycan-Türkiyə birgə təlimləri

Azərbaycan müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, bu barədə dekabrın 10-da 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası zamanı çıxışında bəhs edib. Nazirliyin yaydığı məlumata görə, o deyib ki, bu istiqamətdə aparılan islahatlar uğurlu nəticələr verir.

Bir neçə il öncə Türkiyədən dəvət edilən Bəxtiyar Ersay daha sonra Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Ondan əvvəl, keçmiş Prezidentlər Əbülfəz Elçibəy (1992-1993) və Heydər Əliyevin (1993-2003) hakimiyyəti dönəmlərində də türkiyəli hərbçilərdən bəzi şəxslər Azərbaycan ordusunda müşavir postu tutublar. Amma sonradan onların Azərbaycan ordusundan uzaqlaşdırıldığı bildirilir.

Bundan əvvəl Azərbaycan rəsmiləri də ölkənin silahlı qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılacağı ilə bağlı bəyanatlar səsləndirmişdilər.

Türkiyə NATO-nun üzvüdür. Azərbaycan isə Şimali Atlantika Bloku ilə əməkdaşlıq etsə də, ona üzv olmağı, hələlik, qarşısına məqsəd qoyduğunu açıqlamayıb.