MN: Zəngilan-Füzuli-Bakı sərnişin təyyarəsinin naviqasiya sisteminə qarşı radiomaneələr törədilib

Gulfstream G280 təyyarəsi, arxiv foto

Azərbaycan Müdafiə nazirliyinin məlumatına görə, Zəngilən -Füzuli-Bakı marşrutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin GPS peyk naviqasiya sisteminə maneələr tətbiq olunub, nəticədə sistemdə fasilə yaranıb.

Nazirlik hadisənin iyulun 13-də qeydə alındğını bildirir.

"İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranmışdır."

Müdafiə nazirliyinin mayın 15-də yaydığı məlumatda bildirilir ki, belə bir maneə "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən" tətbiq olunub.

Məlumatda sərnişin təyyarələrinin naviqasiya sisteminə qarşı belə müdaxilələrin əvvələr də qeydə alındığı bildirilir.

Nazirlik bildirir ki, bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Xankəndidəki separatçı qurum bu məlumatı tamamilə yalan adlandırıb.

Buna da bax: Qarabağda etiraz aksiyası keçirilir

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.