«BankStandard» dövlət bankına çevrilə bilər

BankStandard

Mütəxəssislər Maliyyə Bazarlarına Nəzarət Palatasının «BankStandard»ı sağlamlaşdırmaq qərarının belə nəticələcəyini də istisna etmirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) «Bank Standard» QSC-ni sağlamlaşdırmağa başlayıb. Amma mütəxəssislərin fikrincə, «müalicə» düzgün aparılmır.

Hüquqşünas və bank məsələləri mütəxəssisi Əkrəm Həsənov AzadlıqRadiosu-na deyib ki, «Banklar haqqında» Qanunun 57.3-cü maddəsinə görə, sağlamlaşdırma prosesi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş tədbirlər planından başlamalı idi. Belə bir qərar və plansa yoxdur.

«Müvəqqəti inzibatçının adı ictimaiyyətə açıqlanmır»

MBNP sözügedən banka müvəqqəti inzibatçı təyin edib. Amma bu da qanuna ziddir, çünki inzibatçı təyinatı, əmanətlərin qaytarılmaması (moratorium) barədə məhkəmə qərarı və s. bundan sonra olmalı idi. Görünənsə odur ki, «Bank Standard»la bağlı addımlar buna uyğun olmadı. Başqa sözlə, sağlamlaşdırma tədbirləri qeyri-sağlam yolla aparılır: «Hər şeyi ediblər. Əmanətləri artıq qaytarmır və deyirlər ki, plan hazırlayırıq. Plan yoxdursa, deməli, heç Nazirlər Kabinetinin sağlamlaşdırmaya dair qərarı da yoxdur. Qərar yoxdursa, deməli, sağlamlaşdırma prosesi, müvəqqəti inzibatçının təyinatı, əmanətlərin qaytarılmasına moratorium qanunsuzdur».

Əkrəm Həsənov

Müvəqqəti inzibatçı deyilən şəxsin özünün də adı ictimaiyyətə açıqlanmır.

«Məhkəmə mütləq Nazirlər Kabinetinin qərarına əsaslanmalı idi»

Ekspertin fikrincə, ümumiyyətlə, «Bank Standard» ətrafında baş verənlər bağlı qapılar arxasında cərəyan edir:

«Əmanətlərin qaytarılmasına dair biraylıq moratorium üzrə məhkəmə qərarı dərc olunmayıb. Qərar varsa, demək, məhkəmə mütləq Nazirlər Kabinetinin qərarına və tədbirlər planına əsaslanmalı idi».

Ə. Həsənov qanuna istinad edərək (maddə 57.5.2) bildirir ki, məhkəmə səhmdarların səhmlər üzərində mülkiyyət hüquqlarının tam və ya qismən itirilməsi haqqında da qərar qəbul edə bilərdi. Amma nədənsə əmanət qaytarılmasının dayandırılması qərarı var, bankı pis vəziyyətə salanların – «BankStandard»ın sahiblərinin hüquqlarının əllərindən alınması haqqında qərarsa yoxdur:

«İndi əmanətlər, ən azı, bir ay da qaytarılmayacaq» «Yaranmış vəziyyətdə «Bank Standard»ın «sağlamlaşdırılması» əməliyyatını, sadəcə, əmanətləri qaytarmamaq, bəlkə də qaytarılmasını uzatmaq fəndi saymaq olar. Axı bank ləğv edilsəydi, Əmanətlərin Sığortalanması Fondu əmanətləri qaytarmalı olacaqdı. İndi isə əmanətlər, ən azı, bir ay da qaytarılmayacaq».

Ekspert AzadlıqRadiosu-na bir fikrini də paylaşıb: Məncə, «Bank Standard»a 15 milyon manat hansısa çox təcili xərclərini ödəmək üçün borc şəklində verilib. Bu, xarici qurumlara borc da, əməkhaqqı öhdəliyi də ola bilər. Amma banka ayrılan vəsait heç bir halda kreditlərin silinməsinə istifadə edilməyəcək. Vəsait bankın öz borclarına sərf olunacaq. Ümidsiz borclara gəlincə, onlar onsuz da, əvvəl-axır, silinməlidir».

Ə. Həsənov «Bank Standard»ın problemli kreditləri bağlanarkən, obyektivliyin təmin olunması məsələsinə toxunarkən deyib ki, proses qeyri-şəffaf olduğundan, istər əmanətlərin qaytarılmasında, istərsə kreditlərin ödənilməsində subyektivizm ola, «başqa sözlə, VIP şəxslərə fərqli münasibət sərgilənə bilər».

Samir Əliyev

«Hökumətin aydın planı gözə dəymir»

Bank ətrafındakı proseslərin qapalı aparılmasına iqtisadçı ekspert Samir Əliyev də diqqət çəkir: «Hökumətin aydın planı gözə dəymir».

Samir Əliyev proseslərin sayca 3-cü dövlət bankının yaranması ilə nəticələnəcəyi ehtimalını da irəli sürür: «Başqa bir mümkün gəlişmə bankı sağlamlaşdırma tədbirləri çərçivəsində onun Azərbaycan Beynəlxalq Bankına birləşdirilməsi və ya kiçildilməsi ola bilər».