Bəxtiyar Hacıyev polisdə onunla söhbət aparıldığını deyir

Bəxtiyar Hacıyev

Bu barədə bugün, noyabrın 12-i axşam saatlarında Müdafiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb

İctimai fəal Bəxtiyar Hacıyev noyabrın 12-də gecə saatlarında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) dəvət edilməsi ilə bağlı açıqlama yayıb.

Fəalın sözlərinə görə, BMCMİ-də onu idarənin rəisi Əbülfət Rzayev qəbul edib:

"DİN-dən olan narazılığımın, şikayətlərimin səbəbləri ilə maraqlandı. Mən də ətraflı məlumat verdim ki, hansı tarixlərdə hansı məsələlərlə bağlı şikayətlərim olub, onlar hansı bəhanələrlə araşdırılmayıb, hansılara ümumiyyətlə cavab verilməyib".

Onun sözlərinə görə, idarədə ona nazir Vilayət Eyvazovla bağlı yazılarına görə, etiraz bildirilib, lakin eyni zamanda müraciətlərinin araşdırılacağı deyilib:

"… Əbülfət müəllimin səmimi münasibətini nəzərə alaraq, heç bir təzyiq olmasa da, bu xoş mərama güvənərək, kiməsə qarşı əsassız qərəzim olmadığını göstərmək üçün nazir haqqında yazdığım postları bağlayıb, araşdırmalarının nəticəsini gözləyəcəm".

O, sabah, noyabrın 13-d təkrar həmin idarəyə gedəcəyini qeyd edib.

Hacıyevin bu açıqlamasına, hələlik, DİN-dən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl ictimai fəal Bəxtiyar Hacıyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu bildirilirdi.

Bu barədə bugün, noyabrın 12-i axşam saatlarında Müdafiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb.

Məlumata görə, Bəxtiyar Hacıyev artıq bir neçə saatdır idarədədir, telefonu söndürülüb:

"Biz heç bir xəbər ala bilmirik, orada nələrin baş verməsindən məlumatsızıq".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bəxtiyar Hacıyev təqribən 1 ay əvvəl bildirirmişdi ki, polis onu Bakıda saxlayıb və o fiziki təzyiqə məruz qalıb.

O vurğulamışdı ki, prezident İlham Əliyevin keçəcəyi kortejlə əlaqəli bağlanmış boş yolu çəkdiyinə görə, polis əməkdaşı onu saxlayıb və daha sonra həmin olay yaşanıb.

Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev onda bunu təkzib etmişdi.

O, bildirmişdi ki, fiziki təzyiqlə bağlı deyilənlər əsassızdır: "Bəxtiyar Hacıyevlə profilaktik söhbət aparılıb və o sərbəst buraxılıb".

Bəxtiyar Hacıyev 2 ay əvvəl isə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin onu hədələdiyini bildirmişdi.

Hacıyev onda da qeyd edirdi ki, onun polisə verdiyi şikayətinə baxılmadığına görə, daxili işlər naziri Vilayət Eyvazov barədə Facebook-da tənqidi rəy yazıb.

Fəalın dediyinə görə, sentyabrın 9-da onu həmin idarəyə aparıblar və idarə rəisi ona psixoloji təsir göstərmək istəyib. Daxili İşlər Nazirliyindən isə ictimai fəalın hədələnməsi barədə dediklərini "həqiqətə uyğun olmayan cəfəngiyyat" adlandırmışdılar.

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.