Baydendən İsrailə vəd

Co Bayden (ortada), arxiv fotosu

“Sizə ancaq onu deyə bilərəm ki, mən vəzifədə olduqca İran heç vaxt nüvə silahı əldə etməyəcək”, – Bayden deyib

ABŞ Prezidenti Co Bayden vəzifədən getməkdə olan israilli həmkarına deyib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək. Reuven Rivlinlə görüş iyunun 28-də Ağ evdə keçirilib.

“Sizə ancaq onu deyə bilərəm ki, mən vəzifədə olduqca İran heç vaxt nüvə silahı əldə etməyəcək”, – Bayden deyib.

Bu ayın əvvəlində Naftali Bennet İsrailin baş naziri postunda Bencamin Netanyahunu əvəzləyib.

Bayden deyib ki, “çox tezliklə” Ağ evdə yeni baş nazirlə görüşəcəyinə ümid edir.

Rivlin jurnalistlərə Baydenin İranla bağlı dediklərindən “həddən artıq məmnun olduğunu” söyləyib.

Hazırda İranla ABŞ Vyanada 2015-ci il nüvə sazişini dirçəltmək üzrə vasitəçilərin köməyi ilə danışıqlar aparırlar. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdırmağa başladı.

Prezident Bayden isə Tehranın öhdəliklərinə əməl edəcəyi halda razılaşmaya qayıtmağa hazır olduğunu açıqlayıb.