ABŞ səfirliyinin Bayram Məmmədovun hökmünə reaksiyası

ABŞ bayrağı.

“Məhkəmənin Bayram Məmmədovu 10 il azadlıqdan məhrum etməsinə dair qərarı bizi narahat edir”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin NİDA Vətəndaş Hərəkatının fəalı Bayram Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dekabrın 8-də 10 azadlıqdan məhrum edilməsi ilə bağlı açıqlamasında belə deyilir.

“Amerika Birləşmiş Ştatları və Azərbaycan demokratiya, insan hüquqları sahəsində uzun müddətdir ki, birgə çalışır. Bu, bizim münasibətimizin 3 əsas tərəfindən biridir. Vaşinqton Azərbaycanı dəfələrlə əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırıb”, - səfirlik bəyan edib.

Buna da bax: Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]

Bayram Məmmədov və başqa bir gənc Qiyas İbrahimovla birgə bu il mayın 10-da həbs olunublar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, 10 il həbs cəzası verilib.

Ancaq gənclər bu ittihamı qəbul etmirlər. Məhkəmə prosesində məhz keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” yazdıqlarına görə, həbs edildiklərini bəyan ediblər.

B.Məmmədov və Q.İbrahimovun adı «Amnesty International»ın 2016 il «Haqlar uğrunda yaz kampaniyası»na düşüb.

Buna da bax: ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi

«Amnesty International»ın bəyanatı

«Amnesty International»ın bəyanatında Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçilərinin ciddi basqılarla üzləşdiyi, mətbuatın dövlət nəzarətində olduğu, müstəqil jurnalistlərin davamlı təqiblərə məruz qaldığı, hədə-qorxu və zorakılıqla üzləşdiyi qeyd edilir.

Bu bəyanatlara hakimiyyət təmsilçilərindən, hələlik, reaksiya gəlməyib. Amma ənənəvi olaraq hakim partiya təmsilçiləri insan haqları pozuntuları ilə bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir. Onları Azərbaycana qərəzdə günahlandırırlar.