Belarus siyasətçisi amnistiya aktı ilə azadlığa buraxılıb

Rıqor Kastusyov

Belarus Xalq Cəbhəsinin lideri, uzunmüddətli həbs cəzası çəkən Rıqor Kastusyov amnistiya aktı ilə azadlığa çıxıb. Ölkənin avtoritar lideri Aleksandr Lukaşenko amnistiyanı Belarusun nasist Almaniyasından azad olunmasının 80-ci ildönümü münasibətilə imzalayıb.

Kastusyovun Polşada yaşayan kürəkəni Dmitri Antonçik AzadlıqRadiosuna deyib ki, 67 yaşlı siyasətçi iyulun 3-də azad edilib.

2010-cu ildə prezidentliyə namizəd olmuş Kastusyov 2022-ci ilin sentyabrında hakimiyyəti ələ keçirməyi planlaşdırmaqda təqsirli bilinərək 10 il həbsə məhkum edilib. İstintaqa qədərki həbsi də nəzərə alanda o, həbsdə 3 ildən çox qalıb.

Həbsxanada siyasətçiyə xərçəng diaqnozu qoyulub.

Amnistiya 8 minə yaxın məhkumu əhatələyir, amma...

"Vyasna" (Bahar) insan haqları qrupu iyulun 3-də bildirib ki, ümumilikdə ikisi qadın olmaqla dörd siyasi məhbus elə həmin gün açıqlanmış amnistiya qanunu ilə azadlığa çıxıb. Qurum digər buraxılanların adlarını gizlilik səbəbi ilə açıqlamayıb.

Lukaşenko qanunu iyulun 2-də imzalayıb. Rəsmi açıqlamaya görə, amnistiya 7 min 850 məhkumu əhatə edəcək, onlardan 2 min 90 nəfəri buraxılacaq, 800 nəfərin şərti cəzasının qalan hissəsi bağışlanacaq, 40 nəfər barəsində inzibati həbslər ləğv olunacaq. 260 nəfərin həbsi şərti cəza ilə əvəzlənəcək, 4 min 550 məhkumun cəzası isə bir il azaldılacaq.

Lukaşenko iyulun 2-də deyib ki, 2020-ci ildə onun qalib elan olunduğu prezident seçkisinin nəticələrinə kütləvi etiraz aksiyalarına görə həbs edilmiş şəxslərin bəziləri buraxıla bilər. O, ağır xəstələrin, əsasən, xərçəng olanların daha tez buraxılacağını vurğulayıb.

1 min 400 siyasi məhbus

İnsan haqları qrupları iyulun 3-dək Belarusda 1 min 409 siyasi məhbusun olduğunu deyirlər. Ancaq siyasi motivli ittihamlarla məhkum edilənlər real sayının daha çox olduğu bildirilir.

"Vyasna"nın məlumatına görə, mayın 1-dək Belarusda azı 254 siyasi məhbusun ciddi tibb problemləri, yaxud əlliliyi olub.

Amnistiya aktı "ekstremist və terrorçu" fəaliyyətlə məşğul olanlara şamil edilməyəcək. 2020-ci il etirazlarından sonra Belarus hakimiyyəti 4 mindən çox şəxsin adını ekstremistlərin reyestrinə salıb.

69 yaşlı Lukaşenko 1994-cü ildən hakimiyyətdədir. 2020-ci ilin avqust seçkisindən sonra hakimiyyətini daha da möhkəmləndirib, azı 35 min nəfər saxlanılıb. Bir çox müxalifətçilər ölkədən qaçıblar.

Qərb seçkinin nəticələrini tanımır, Lukaşenkonu ölkənin legitim lideri saymır.

Bir çox ölkələr Belarusda narazıların sıxışdırılmasına cavab olaraq Lukaşenko rejiminə sanksiyalar tətbiq ediblər.