Belarusda bir gündə azı 70 nəfər saxlanılıb

Belarus polisi

Yanvarın 23-də Belarus hakimiyyəti azı 70 nəfəri saxlayıb. Bu haqda "Vyasna" (Bahar) insan haqları mərkəzi məlumat yayıb.

Qurumun məlumatına görə, saxlananların bəziləri dindiriləndən, evlərində axtarış aparılandan sonra buraxılıblar, digərləri isə həbsdə qalır. Reydlər və saxlamalar davam edir. Bəzi hallarda bütöv ailələr saxlanılıb.

Saxlananların çoxu ya keçmiş məhbuslardır, ya da hazırda siyasi motivli ittihamlarla həbsdə olanların qohumlarıdır.

Saxlananlar kimlərdir

76 yaşlı tanınmış aktivist Barıs Xamayda şimal-şərqi Vitebsk şəhərində saxlanıb. O, Belarusda qısa müddətdə fəaliyyət göstərmiş ilk demokratik respublika ilə həmrəylik stikeri göstərdiyinə görə 15 sutka həbsə məhkum edilib.

Digər saxlanan Marına Adamoviç isə hazırda 14 illik həbs cəzası çəkən tanınmış siyasi məhbus Mikola Statkeviçin həyat yoldaşıdır.

Belarus KGB-sinin rəsmiləri deyiblər ki, reydlər "ekstremist qrupların maliyyələşdirilməsi" və "ekstremist fəaliyyətdə iştirak" üzrə istintaqlarla əlaqədardır.

Bəzi şəxslərin "Vyasna"ya bildirməsinə görə, rəsmilər onlara reyd və saxlamaların INeedHelpBY layihəsi üzrə cinayət təhqiqatı ilə bağlı olduğunu söyləyiblər. Bu layihə "ekstremist təşkilat" elan olunub.

"Vyasna" yanvarın 23-dək Belarusda siyasi məhbus sayının min 415 olduğunu bildirir.