Beyləqanda hərbçilərə işgəncələr: 'General Orucovu qurban seçiblər, məsuliyyət Bərxudarovun üzərindədir'

2017-ci ildə ildə Beyləqan korpusunda hərbçilərə qarşı kütləvi işgəncələrə görə mühakimə olunan general-mayor Bəkir Orucovun vəkili iddia edir ki, onu qurban seçiblər. Vəkil Elvin Rzayevin fikrincə, 6 il öncə Beyləqanda baş verənlərin məsuliyyətini korpus komandiri, general-leytenant Mais Bərxudarov daşıyır.

“Xəyanət, casusluq şübhəsi vardısa, Mais Bərxudarov vaxtında gərəkli orqanlara məlumat versəydi, bu işi araşdırmağı gizirlərə yox, istintaqçılara həvalə eləsəydi, bugünkü nəticə olmazdı. Bütün məsuliyyət onun üzərindədir. Kiminsə günahını Bəkir Orucovun üstünə atıblar. İş materialları, ifadələr də bunu sübut edir”, - vəkil məhkəmədəki çıxışında belə deyib.

B.Orucov sözügedən dövrdə korpusun qərargah rəisi olub. Həbs edilərkən, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirmiş.

Beyləqanda əsgər və zabitlərə qarşı işgəncələr, nəticədə baş leytenant Adil Sabirlinin ölümü üzündən, general Orucov daha dörd nəfərlə birlikdə mühakimə olunur. Bunlar korpusda təlimatçı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov, təhqiqatçı Rahib Məmmədov və Müdafiə Nazirliyinin Hüquq İdarəsində təhqiqat bölməsi rəisinin müavini olmuş İntiqam Məmmədovdur.

Adları çəkilən şəxslərin haqqında cinayət işinə 6 aydır ki, Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə iclasları paytaxtda deyil, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Artıq məhkəmə istintaqı yekunlaşıb. Prokuror təqsirləndirilən 5 nəfərə 8 il 6 aydan 12 il 6 ayadək həbs cəzası istəyib.

Təqsirləndirilən şəxslərdən ikisi – Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyillər.

Buna da bax: Tərtər işgəncələrinə görə dörd nəfərə 40 ilə yaxın cəza istəndi

“Bu adam cinayətkardısa, ona bir batalyon necə həvalə olunub?”

Prokuror avqustda çıxışında polkovnik Kazımova 12 il 6 ay cəza kəsilməsini, onun məhkəmə zalında həbs olunmasını təklif etmişdi. Lakin zərərçəkmişlər oktyabrın 19-dakı məhkəmə iclasında buna etiraz ediblər.

“Bildiyimə görə, prokuror Ziya Kazımova cəza istəyəndə zərərçəkənlərin ifadələrinə istinad edib, həm də mənim adımı çəkib. Amma mən elə söz deməmişəm ki, Ziya Kazımov kiməsə işgəncə verib, çünki işgəncələr, əsasən, Daşburunda olub, - mənim gözümün önündə. Orada Ziya Kazımov olmayıb”, - zərərçəkmiş Zaur Əliyevin sözləridir.

O vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində Z.Kazımovun müstəsna xidmətləri var. Zərərçəkmiş bu təqsirləndirilən şəxsə, ümumiyyətlə, cəza verilməməsini istəyib:

“Bu adam cinayətkardısa, ona bir batalyonu necə etibar etmişdilər son antiterror əməliyyatında? İstər bu dəfə, istərsə 44 günlük müharibədə onun xidmətləri, elədikləri hamıya məlumdur...”.

Zərərçəkmiş gileylənib ki, bu cinayətlərə rəhbərlik edənlərin heç biri məsuliyyətə cəlb olunmayıb.

Məhkəmə iclasının davamında təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışları başlayıb.

Buna da bax: 'Bravo'ya silahlı basqında təqsirləndirilən şəxs: 'Əvvəl 'Kapitalbank'a planlaşdırılmışdı...'

“Korpusda ölüm hadisəsi olduğu halda, Bərxudarov necə çıxıb gedib?”

Ülvi Rəşidovun vəkili deyir ki, müvəkkili təqsirsizdir, ona bəraət verilməlidir, çünki korpus komandiri M.Bərxudarov onu yanına çağırıb, əmr verib, o da yerinə yetirib. Vəkilin sözlərinə görə, Ü.Rəşidovun işgəncə verməsi məhkəmədə təsdiqini tapmayıb.

Təqsirləndirilən generalın vəkilləri çıxışlarında gileyləniblər ki, M.Bərxudarovun dindirilməsi vacib olsa da, məhkəmə bu barədə qaldırılan vəsatətləri təmin etmədi.

Vəkil Elvin Rzayevin sözlərinə görə, işgəncə nəticəsində həyatını itirən Adil Sabirli hələ bu hadisələrdən az öncə - məzuniyyətdə olarkən, ailəsinə deyib ki, M.Bərxudarovla problemi var. Bunu atası öz ifadəsində göstərib.

Cinayət işinin materiallarına görə, xəyanət şübhəsiylə hərbçilərə qarşı kütləvi işgəncələr 2017-ci il mayın 1-dən başlanıb. A.Sabirli, işgəncədən dalağının partlaması nəticəsində, mayın 6-dan 7-nə keçən gecə saat 3-də həyatını itirib.

Korpus komandiri M.Bərxudarov mayın 8-dən 13-nədək məzuniyyətdə olub. O, mayın 7-də Türkiyəyə gedibmiş:

“Korpusunda belə bir ölüm hadisəsi baş verdiyi halda necə çıxıb gedirdi? Üstəlik, məzuniyyəti də hələ yox idi. Məzuniyyət rəsmi sənədə görə 1 gün sonra başlayacaqdı. Hətta məzuniyyət sənədinin onu haqlı çıxarmaq üçün sonradan hazırlandığını da istisna etmirik”.

Vəkil E.Rzayev prokurorluğu da ittiham edib. O vurğulayıb ki, hadisənin ertəsi gün B.Orucov Füzuli Hərbi Prokurorluğuna A.Sabirlinin ölümü haqda məlumat verib. Lakin prokurorluq dərhal gəlib hadisə yerinə baxış keçirməyib və fakt üzrə cinayət işi başlanmayıb: “8-9 ay nəyi gözləyiblər?”.

Buna da bax: '12-ci imam' adı ilə aldatmaqda suçlanana 13 il həbs istəndi

“Kreditlə 1 avtomobildən başqa heç nəyi yoxdur”

Z.Kazımovun vəkili Bəhruz Bayramov da müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib. Vəkilin sözlərinə görə, prokuror heç bir mötəbər sübut-dəlil ortaya qoymadan müvəkkilinə 12 il 6 ay həbs cəzası istəyib:

“Adil Sabirlinin döyülüb öldürülməsində Ziya Kazımovu ittiham edirlər. Halbuki, şahid ifadələri var ki, onun vəziyyətinin pis olduğunu zəng eləyib xəbər veriblər, Ziya da gəlib süni nəfəs verib. Bu adam 22 ildir hərbidə xidmət edir, kreditlə bir avtomobildən başqa heç nəyi yoxdur...”.

Məhkəmə prosesi noyabrın 2-də Rahib və İntiqam Məmmədovların vəkillərinin çıxışlarıyla davam edəcək. Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyəcək və ardınca hökm açıqlanacaq.

General-leytenant M.Bərxudarov ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə belə münasibət bildirmişdi:

“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...”.